BAKI, 17 may — Sputnik. Bakı şəhərinin bir çox yerlərində valyuta dəyişmə məntəqələri yenidən fəaliyyətə başlayıb. Qadağan olunmasına baxmayaraq, insanların sıx olduğu yerlərdə "exchange"lər açıq-aşkar fəaliyyət göstərir.
Bu cür məntəqələrə daha çox "8-ci kilometr" ərazisində rast gəlmək olur. Xüsusən də metronun "Əhmədli" stansiyasına yaxın ərazilərdə. Sözügedən valyuta dəyişmə məntəqələrinin daxilində və çölündə yerləşdirilən elektron lövhələrdə manatın rəsmi kursu da göstərilir.
Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası da mətbuata açıqlama verib və bəyan edilib ki, qurum tərəfindən heç bir valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə verilməyib.
Mövzunu Sputnik üçün dəyərləndirən iqtisadçı ekspert Fuad Əlizadə, valyutadəyişmə məntəqələrinin təzədən açılmasını geriyə addım kimi dəyərləndirib: "Mən hesab edirəm ki, "exchange" kimi tanıdığımız valyuta dəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlaması geriyə addım olar. Elə bil təzədən kiminsə əlində imkan yaranacaq ki, valyuta bazarında spekulyasiya eləsin. Özündən qiymətlər qoysun".
"Hansı ki, belə hücumların şahidi olmuşduq. Bunun üçün, əsasən də şənbə və bazar günləri seçilirdi. Çünki həmin günlər banklar işləmir və təcili pul dəyişməli olan vətəndaşlar məcbur o məkanlara üz tuturdular", — ekspert bildirib.
F. Əlizadə problemdən çıxış yolu kimi, müasir puldəyişmə aparatlarının quraşdırılmasını təklif edib: "Zənnimcə bu problemin həlli çox asandır. Banklar təzə, müasir "Exchange" avtomatları yerləşdirməlidir. Bu aparatların qiyməti baha olduğu üçün proses bir az ləng gedir. Məsələnin köklü həlli üçün hökumət banklarla razılaşıb, bu aparatların alınıb quraşdırılmasına kömək göstərməlidir. Bu, ən düzgün və asan yoldur. Həm də bu imkan verəcək ki, valyuta dəyişmə prosesləri şəffaf şəkildə həyata keçsin".