BAKI, 17 may — Sputnik. Milli Məclisin bugünkü plenar iclasında "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Qanunda dəyişikliyə baxılıb. Sputnik xəbər verir ki, Qanuna aşağıdakı məzmunda 18-ci maddə əlavə edilib: "18. Məsafədən idarə edilən pilotsuz uçan aparatlar".
Qanunda 17 adda əşyaların siyahısı mövcud idi. Dəyişikliyə əsasən isə, həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçan aparatların adı daxil edilir. Bununla da əşyaların siyahısı 18-ə çatıb.
Qanuna dəyişiklik şəxsi həyatın müdaxilədən qorunmasını təmin etmək məqsəd ilə edilir. Dəyişiklik səsə qoyularaq qəbul olunub.