Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi

© © AZVİSİONƏbdürrəhim bəy Haqverdiyev
Əbdürrəhim bəy Haqverdiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Görkəmli mütəfəkkir, XIX-XX əsr Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev 1870-ci ildə Şuşa yaxınlığında anadan olub.

BAKI, 17 may — Sputnik. Azərbaycan yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi (1932) Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olub.

İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində alıb (1881-1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil alıb (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olub. Onda ədəbiyyata güclü meyl oyanıb. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq" (1896) əsərlərini yazıb. "Dağılan tifaq" (1899) Peterburqda nəşr edilib.

Ali təhsil alıb Şuşaya qayıdıb, burada tamaşalar təşkil edib. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilib (1902-1903), Burada ilk hekayələrini ("Ata və oğul", "Ayın şahidliyi") yazıb "İki hekayət" adı ilə çap etdirib. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilib, Peterburqa gedib (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qacar) materiallar toplayıb, İrana — Mazandaran vilayətinə səyahət edib (1907). "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə edib. "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət edib, "Ceyranəli", "Xortdan". "Həkimi-nuni-səqir", "Lağlağı", "Mozalan", "Süpürgəsaqqal" və s. imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə, felyeton çap etdirib.

Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışıb (1910). Sonra Ağdama köçüb orada yaşayıb (1911-1915). Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" adlı aylıq məcmuənin müdiri olub (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilib (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunub (1918).

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunub. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq edib. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub, elmi kadrların hazırlanmasında iştirak edib. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olub. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışıb (1924).

Bunlardan başqa ədib Şеkspirin “Hamlеt”, Şillеrin “Qaçaqlar”,Vоltеrin “Sоltan Оsman”, Zоlyanın “Qazmaçılar”, Andеrsеnin “Bülbül”,“Şahın təzə libası”, Lanskоyun “Qəzəvat”, Çirikоvun “Yəhudilər”,Kоrоlеnkоnun “Qоca zəng çalan” əsərlərini də tərcümə еdib.

Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olub. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülüb (1933). Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

1933-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunub.

Adına Bakı şəhərinin Yasamal rayonunda küçə var.

Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazıb.

1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: "Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və sair əsərlərin müəllifidir.

Xəbər lenti
0