Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı regiona nə vəd edir?

© Photo : mod.gov.azZakir Həsənov, Tinatin Xidaşeli və İsmət Yılmazın görüşü
Zakir Həsənov, Tinatin Xidaşeli və İsmət Yılmazın görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin qənaətinə görə, hərbi əməkdaşlıq və üçtərəfli anlaşma memorandum hər üç dövlətin marağına uyğundur

Azərbaycanı NATO standartlarına yaxınlaşdıran addım
BAKI, 16 may — Sputnik. Mayın 15-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında təkbətək və üçtərəfli formatda görüş olub.
Истребители турецких ВВС. Архивное фото - Sputnik Azərbaycan
Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli birgə təlimlər keçirəcək

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında general-polkovnik Zakir Həsənov bildirib ki, üç ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətinin artırılması və hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub. O qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində üçtərəfli Anlaşma Memorandumunun imzalanması da nəzərdə tutulur.

Məsələni Sputnik-ə şərh edən politoloq Şahin Cəfərli hesab edir ki, üç ölkənin birgə hərbi təlimlər keçirməsi Azərbaycan ordusunun inkişafı və NATO standartlarına uyğunlaşması baxımından böyük əhəmiyyətə malikdir: "Ümumiyyətlə, Türkiyə-Azərbaycan-Gürcüstan formatı istənilən baxımdan hər üç dövlətin maraqlarına və mənafeyinə uyğun bir formatdır. Bu format xeyli vaxtdır fəaliyyətdədir. Sonuncu görüşdə isə hərbi əməkdaşlığın inkişafı istiqamətində növbəti önəmli addımlar atılıb. Konkret olaraq onu qeyd eləmək olar ki, üç ölkənin birgə hərbi təliminin keçirilməsi haqqında razılaşma olduqca əhəmiyyətli bir razılaşmadır".

© SputnikŞahin Cəfərli
Şahin Cəfərli - Sputnik Azərbaycan
Şahin Cəfərli

"Mən deyərdim ki, təlimlər baş tutarsa, bu razılaşma üç ölkənin hərbi inteqrasiyası istiqamətində tarixi bir addım olacaq. Türkiyə NATO-nun üzvüdür. Gürcüstan isə NATO-ya üzvlük yolunda ciddi məsafələr qət etmiş bir dövlətdir, NATO-ya inteqrasiya yolundadır", — deyə siyasi şərhçi bildirib.

Azərbaycana gəldikdə isə, politoloqun sözlərinə görə, ölkəmiz hələlik NATO-ya üzvlük kursu seçməsə də, Azərbaycanın da xarici siyasət kursu avroatlantik sturkturlara inteqrasiyaya hesablanıb: "Üçtərəfli formatda hərbi təlimlərin keçirilməsi Türkiyənin Cənubi Qafqazda nüfuzunu artıracaq. Türkiyənin Qafqazda nüfuzunun artması Azərbaycan və Gürcüstanın maraqlarına uyğundur".

"Həm Azərbaycanın, həm də Gürcüstanın çox ciddi təhlükəsizlik problemləri var. Hər iki ölkənin problemləri bir-birinə çox oxşardır. Bu problemləri aradan qaldırmaq hər iki dövlətin əsas məsələsidir. Təbii ki, hər iki tərəf bu məsələdə xaricdən müttəfiqlər axtarmağa bir növ məcburdur. Müttəfiq qismində də ilk növbədə bu regiona ən yaxın, eyni zamanda regionda ciddi maraqları olan dövlətlərdən biri olan Türkiyə ola bilər", — Ş. Cəfərli vurğulayıb.

Türkiyə-Azərbaycan münasibətlərinin hər kəsə aydın olduğunu deyə ekspert əlavə edib ki, Türkiyə-Gürcüstan münasibətləri də son vaxtlar sürətlə inkişaf edir: "Xüsusən Gürcüstanın NATO-ya inteqrasiyası prossesində Türkiyə ciddi rol oynayacaq. Çünki Türkiyə Gürcüstanla quru sərhədə malik yeganə NATO dövlətidir".

Politoloq Sülhəddin Əkbər də hesab edir ki, bu kimi hərbi təlimlərlə Azərbaycan NATO standartlarına yaxınlaşır: "Üç ölkənin hərbi sahədə əməkdaşlığı regional sabitliyə töhfə verə bilər. Qonşu ölkələrin hərbi-müdafiə sahəsində əməkdaşlığı regional sabitliyə xidmət edir. Nəzərə almaq lazımdır ki, Türkiyə NATO üzvüdür. Gürcüstanda NATO üzvlüyünə can atan bir ölkədir və NATO ilə çox sıx əməkdaşlıq edir. Bu baxımdan, üçlük çərçivəsində müdafiə və hərbi sahədə əməkdaşlıq Azərbaycan ordusunda standartların artması baxımından faydalıdır".

© Photo : RFE/RLSülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri  - Sputnik Azərbaycan
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri

"Hər üç ölkənin silahlı qüvvələrinin birgə təlimləri onların operativ uyğunluğunu artırır ki, onlar gələcəkdə bir yerdə istər sülhməramlı əməliyyat çərçivəsində, istərsə də gələcəkdə bir ittifaq daxilində olarlarsa, o ittifaq daxilində də birgə müdafiə təlimləri görmək üçün faydalı ola bilər", —siyasi təhlilçi bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ticarət və nəqliyyat, eyni zamanda enerji yolları Gürcüstan və Türkiyə üzərindən keçir: "Bu baxımdan hər üç dövlətin müdafiə və hərbi sahədə əməkdaşlığı və bu əməkdaşlığın inkişaf etdirməsi gözlənilən idi. Çünki bu hər üç dövlətin marağına uyğundur. Birgə hərbi təlimlər geoekonomik və iqtisadi təhlükəsizlik baxımından da faydalıdır".

Qeyd edək ki, üçtərəfli formatda əməkdaşlıq 2014-ci ildə başlayıb və üç ölkənin müdafiə nazirləri ildə iki dəfə görüşürlər.

Xəbər lenti
0