BAKI, 16 may — Sputnik. Almaniyanın "Bild" qəzeti, ölkə parlamenti olan Bundestaqın 2 iyun tarixində keçirəcəyi iclasda qondarma "erməni soyqırımı"nın rəsmi olaraq tanınacağını yazıb. Qəzetin xəbərinə görə, Xristian Demokrat Birlik Partiyası və Yaşıllar Partiyası tərəfindən ortaq hazırlanan "soyqırım" mətnində "101 il əvvəl Osmanlı İmperatorluğu ermənilərə və digər xristian azlıqlara soyqırım tətbiq edib" ifadəsi yer alacaq.
Sosial Demokrat Partiyasından olan millət vəkili Tomas Opperman qəzetə açıqlamasında uydurma "soyqırım"la bağlı iddialar da ortaya atıb. Opperman, Birinci Dünya Müharibəsi zamanı Osmanlılarla ittifaq içində olan Almaniyanın da bu "soyqırım"da payı olduğunu bildirib.
Ən maraqlısı isə odur ki, uydurma "soyqırım"la bağlı alman parlamentində gündəmə gələcək iddiaları türk əsilli deputat Cem Özdemir də dəstəkləyib. Yaşıllar Partiyasının rəhbəri Cem Özdemir, "Bild" qəzetinə müsahibəsində Ərdoğan hökumətini sərt tənqdi atəşinə tutub.
"İnanıram ki, Bundestaqın erməni soyqırımı ilə bağlı verəcəyi qərara Ankara çox qəzəblənəcək. Amma Federal Məclis Ərdoğan kimi despot birinə heç vaxt boyun əyməyəcək. Almaniya Xarici İşlər Nazirliyinin erməni soyqırımına dair sənədləri dəqiq və açıqdır. Ona görə də parlamentin soyqırımı tanımasından sonra Türkiyənin inkar etməsi çətin olacaq", — deyə Özdemir bildirib.
Qeyd edək ki, Almaniyada prezident Joachim Gauck və Federal Məclisin rəhbəri Norbert Lammert, öz çıxışlarında dəfələrlə "soyqırım" ifadəsinə yer versə də, Federal Məclis indiyə qədər qondarma "erməni soyqırımı" ifadəsini işlətməyib.
Mövzunu Sputnik-ə şərh edən Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadənin fikrincə, sözügedən məsələnin gündəmə gəlməsi özlüyündə Almaniyanın maraqlarına ziddir: "Yaxşı olardı ki, Almaniya uydurma "soyqırımı" sənədini kənara qoysun və öz tarixi keçmişinə nəzər yetirsin. Bu gün Almaniyanın özündə multikulturalizm dəyərlərinin inkişafına ciddi ehtiyac var".
"O ölkədə milyonlarla türk yaşayır. Və hər iki ölkə NATO-da müttəfiqdir. Bu cür uydurma qərar qəbul olunarsa, iki NATO dövləti arasında ciddi problem yarana bilər. Ona görə də, Bundestaq gərək bundan çəkinsin", — deputat bildirib.