CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aztəminatlı əhaliyə bəd xəbər

© Sputnik / Murad OrujovÜnvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli
Ünvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Suyun və kanalizasiya tariflərinin təxminən 40% bahalaşması kasıb ailələrin ünvanlı dövlət sosial yardım alması imkanlarını daha da məhdudlaşdırıb. Belə ki, ayda 13 manat 61 qəpiklik kommunal ödəmiş edən ailəyə sosial yardım verilməyəcək.

BAKI, 16 may — Sputnik. Tarif Şurasının növbəti iclasında su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. "Azərsu" ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl — 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl — 25 qəpik/kubmetr), qeyri-əhali üzrə əvvəlki səviyyədə — 1 manat/kubmetr, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 8 manat/kubmetr (əvvəl 12 manat/kubmetr) müəyyən edilib.

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün 15 qəpik/kubmetr (bundan əvvəl 6 qəpik/kubmetr), qeyri-əhali üzrə 1 manat (əvvəl 30 qəpik/kubmetr) səviyyəsində təsdiq olunub. Yeni tariflər 2016-ci il mayın 16-dan qüvvəyə minəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, "Azərsu" ASC Tarif Şurasına müraciət edərkən ictimaiyyəti məlumatlandırmalı idi: "Və bu müraciət ictimai müzakirəyə çıxarılmalı idi ki, belə bir müraciətin olması hansı zərurətdən doğdu. "Azərsu" ASC izah etməli idi ki, harada maya dəyərinin artımı baş verib ki, suyun qiymətinin artmasına belə bir zərurət yaransın. Təəssüf ki, ölkədə mənfi bir praktika mövcuddur. Yəni, dövlət nəzarətində olan şirkətlərin tariflərində dəyişiklik olarkən bununla bağlı əhaliyə normal məlumat və yaxud bir izah verilmir".

Ekspert qeyd edib ki, "Azərsu" ASC-nin belə bir addım atmasına ilkin baxışdan heç bir zərurət yox idi: "Çünki, "Azərsu"nun su təminatında iştirakçı olan komponentlərdə qiymət dəyişikliyi baş verməyib. Məsələn, suyun paylanmasında enerji mühüm rol oynayır. Enerji qiymətləri artmayıb. Daxili resurslar hesabına su təminatı həyata keçirilir, burada heç bir dəyişiklik baş verməyib".

"Heç bir ciddi dəyişiklik olmadan belə bir addımın atılması bir variantı gündəmə gətirir — "Azərsu" ASC-nin özünün külli miqdarda borcu var. O nöqteyi-nəzərdən ola bilər ki, qiymət artımı borc bataqlığından çıxması üçün "Azərsu"ya müəyyən dərəcədə kömək məqsədilə atılmış bir addımdır. Düşünürəm ki, qiymət artımı bu məsələ ilə bağlı ola bilər", — N. Cəfərli əlavə edib.

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qalib Toğrul isə Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda suyun qiyməti qonşu ölkələr və digər inkişaf etmiş dövlətlərlə müqayisədə ucuzdur: "Amma məsələ burasındadır ki, suyun qiymətinin o şəkildə müqayisəsi düzgün deyil. Biz bunun müqayisəsini bu şəkildə apara bilərik ki, əhalinin gəlirlərində ümumiyyətlə, kommunal xidmətlərə olan ödənişlər nə qədər təşkil edir. Bu şəkildə müqayisə aparsaq, görərik ki, inkişaf etmiş ölkələrdə gəlirlər daha yüksək olduğu üçün onlarda daha cüzi bir hissəsini təşkil edir. Bizdə onlara nisbətən böyük hissəsini təşkil edir".

"Ümumiyyətlə, böhran dövründə suyun qiymətinin qalxması doğru addım deyil. Suyun qiymətinin artımında əsas götürüblər ki, bizdə suyun qiyməti digər ölkələrlə, beynəlxalq qiymətlərlə müqayisədə ucuzdur. Amma bu, əsas vermir ki, suyun qiyməti artırılsın", —deyə ekspert bildirib.

© Photo : Qalib Togrulİqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul
İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul - Sputnik Azərbaycan
İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul

Q. Toğrul şəxsi "Facebook" səhifəsində də məsələyə toxunub: "Suyun və kanalizasiya tariflərinin təxminən 40% bahalaşması kasıb (aztəminatlı) ailələrin ünvanlı dövlət sosial yardım alması imkanlarını daha da məhdudlaşdırdı. "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na görə, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda ona sosial yardım təyin olunmasından imtina verilir".

"Ölkə üzrə yaşayış minimumu hazırda 136 manatdır. Belə çıxır ki, bir ailə ayda 13 manat 61 qəpiklik su, kanalizasiya, zibil, işıq, istilik, qaz və rabitə (sabit telefonun aylıq abunəsi hazırda əhali qrup abonentlər üçün 2 manat 50 qəpikdir) ödəsə, ona sosial yardım verilməyəcək", — iqtisadçı yazıb.

Xəbər lenti
0