ELM

Magistr və doktorantlara möhlət verilməməsi ciddi etiraz doğurub

© WavebreakmediaMicro Tələbələr mühazirədə
Tələbələr mühazirədə - Sputnik Azərbaycan
Abunə olmaq
Deputatlardan fərqli olaraq, cəmiyyətdə birmənalı fikir var ki, savadlı gənclər arxa cəbhədə daha faydalı ola bilərlər. Ölümə göndərməkdənsə, onların elmi potensialından ölkənin mənafeləri üçün daha faydalı istifadə etmək olar.

BAKI, 13 may — Sputnik. "Elm haqqında qanunda doktorantura və magistraturada təhsil alan gənclərə hərbidən möhlət hüququnun verilməsini nəzərdə tutan maddənin çıxarılması, təbii ki, birmənalı qarşılana bilməz. Hesab edirəm, bu maddənin çıxarılmasına ehtiyac yox idi".

© Sputnik / Murad OrujovИльгар Оруджев, член общественного совета при Министерстве молодежи и спорта АР, руководитель общества молодых ученых, аспирантов и магистров
Ильгар Оруджев, член общественного совета при Министерстве молодежи и спорта АР, руководитель общества молодых ученых, аспирантов и магистров  - Sputnik Azərbaycan
Ильгар Оруджев, член общественного совета при Министерстве молодежи и спорта АР, руководитель общества молодых ученых, аспирантов и магистров

Bu fikirləri, Milli Məclisin "Elm haqqında" qanun layihəsindən magistratura və doktoranturada təhsil alanların həqiqi hərbi xidmətdən möhlət hüququnun çıxarılmasını Sputnik-ə şərh edən, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, bu maddə ilk növbədə əyani şöbədə təhsil alanlara aid edilirdi və məqsəd də təhsildə fasiləsizliyin təmin edilməsini həyata keçirmək idi.

"Və istər doktoranturanın, istərsə də magistraturanın əyani şöbəsində təhsil alan oğlanların sayı ümumi ölkə gənclərinin sayının cüzi bir hissəsini təşkil edir. Artıq bir neçə ildir ki, təhsildə fasiləsizliyin təmin edilməməsi artıq özünün mənfi təsirlərini göstərməkdədir. Hesab edirəm ki, bizə hərbi kadrların zəruriliyi qədər elmi kadr potensialının formalaşdırılması və inkişaf etdrilməsi də vacibdir. Məndə olan informasiyaya görə hətta Böyük Vətən Müharibəsində belə elmi kadrlara xüsusi möhlət verilib. Eyni zamanda elm adamlarının qələbənin qazanılmasında rolu və xidmətləri təbii ki, danıla bilməz", — deyə İ. Orucov bildirib.

Fikirlərini iki faktı xatırlatmaqla qüvvətləndirən fəlsəfə doktoru deyib: "Partlayıcı maddələr istehsalı üçün xammal kimi istifadə olunan toluolun alınması və yüksək oktanlı aviasiya yanacağının alınmasının sənaye üsulunun kəşf edilməsi qələbənin əldə edilməsində elm adamlarının fədakar əməyinin göstəricilərindəndir. Müharibə şəraitində yaşayan ölkənin vətəndaşları olaraq hamı səfərbər olmalıdır: əsgər silahı ilə, alim intellekti ilə, yazıçı və şairlər qələmi ilə".

Məsələyə REAL Hərəkatının İdarə Heyətinin üzvü, tarixçi Altay Göyüşov isə fərqli prizmadan yanaşıb. O, Sputnik-ə verdiyi açıqlamada deyib ki, hələ sözügedən maddə "Elm haqqında" qanun layihəsinə daxil ediləndə bu barədə proqnoz verib: "Mən hələ onda demişdim ki, qanundakı bu maddə qəbul edilməyəcək. Sadəcə hər seçkidən qabaq gəncləri aldatmaq, onların dəstəyini qazanmaq üçün bu qəbildən olan məsələləri ortaya atırlar. Seçkidən sonra isə deyirlər ki, filan səbəbə görə bu maddəni qaldırası olduq. İndi də manipulyasiya etdikləri göz qabağındadır".

Deputat Zahid Oruc isə Sputnik-ə açıqlamasında deyib ki, möhlət hüququ ilə bağlı məsələ "Elm haqqında" qanunun deyil, başqa bir qanunun predmetidir: "Amma əgər bu, qanunda qalacaqsa, onda düşünürük ki, oğlanlar ya ali təhsilin yüksək mərhələsinə daxil olandan sonra hərbi xidmətə getməlidirlər, ya da orduda onların intellektindən, beynindən təyinatlı olaraq istifadə edilməlidir. Milli Məclisin iştirakı ilə belə bir qanun layihəsi hazırlamaq mümkündür. Söhbət dislokasiyadan da getmir. Yəni biz iddia etmirik ki, onlar ön cəbhədə xidmət etməlidirlər".

Deputatların əksəriyyəti o fikirdədir ki, hərbi xidmətdən möhlət hüququ verilməsi məsələsi digər — "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun predmetidir, "Elm haqqında" qanunun deyil. May ayının 17-də isə "Elm haqqında" qanun layihəsinin MM-də ikinci oxunuşda müzakirəsi gözlənilir.

© Sputnik / Talib BarkhudayevZahid Oruc
Zahid Oruc - Sputnik Azərbaycan
Zahid Oruc

Qanun layihəsinin birinci oxunuşu zamanı ciddi fikir ayrılıqlarına baxmayaraq, 7.9. saylı maddəsi (Dövlət təhsilin fasiləsizliyi prinsipinə uyğun olaraq ali təhsil müəssisələrinin və elmi müəssisə və təşkilatların doktoranturalarında (rezidenturalarında) və magistraturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququnu təmin edir) layihədən çıxarılıb. Əks təqdirdə, bu, mövcud "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunla ziddiyyət təşkil edəcəkdi.

MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli sözügedən maddənin qanundan çıxarılmasını son zamanlar təmas xəttində yaşanan gərginliklərin artması ilə izah edib: "Aprel ayından təmas xəttində yüksək gərginlik müşahidə edilir. Eyni zamanda, bu günlərdə 9 mayda II Dünya Müharibəsinin veteranları da Prezidentə müraciət edərək bildirdilər ki, lazım gəlsə, biz də təmas xəttinə gedərək Azərbaycanın haqq işi uğrunda mübarizəsinə kömək edə bilərik. Düşünürəm ki, belə bir zamanda magistr və doktorantlara möhlət hüququnun verilməsi düzgün olmaz".

Deputat əlavə edib ki, Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər.

Xatırladaq ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun magistratura və aspiranturada təhsili davam etdirmək üçün möhlət verilməsini nəzərdə tutan maddəsi 2006-cı ildə ləğv edilib. Hazırda bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər.

Oğlanların əksəriyyəti bakalavr səviyyəsi üzrə təhsillərini başa vurduqdan sonra həqiqi hərbi xidmətə getdiklərindən, onlar sonradan təhsilin digər səviyyələri üzrə oxumağa maraq göstərmirlər. Azərbaycan əhalisinin cinsi tərkibində qadın və kişilərin say nisbəti təxminən bərabər olsa da, qeyd edilən səbəbdən bu gün elm sahəsinə gələn gənclərin çoxu qızlardır. Bunun aradan qaldırılması üçün magistr və doktoranturada oxuyanlara möhlət hüququnun verilməsi vacib hesab edilirdi.

Azərbaycanda bu qəbildən olan problemin ortaya çıxmaması üçün vaxtaşırı müqaviləli əsgərlik məsələsi gündəmə gətirilir. Qeyd olunur ki, qonşu Gürcüstanda olduğu kimi, Azərbaycan da tezliklə peşəkar ordu sisteminə keçməlidir. Bu ordu isə könüllülük prinsipi əsasında və müvafiq müqavilələrlə tənzimlənir.

Eyni zamanda, ölkədə xeyli sayda peşəkar hərbçilər yetişdirən orta və ali təhsil ocaqları var. Onlar ordu üçün peşəkar və savadlı kadrlar yetişdirə bilərlər. Odur ki, elmin müxtəlif sahələri ilə məşğul olmağa can atan gəncliyi davamlı təhsil prosesindən ayıraraq ordu sıralarına cəlb etmək düzgün deyil.

Nəzərə alaq ki, aprel ayında təmas xəttində keçirilən hərbi kampaniya zamanı 700-ə yaxın balla Azərbaycan Texniki Universitetinə daxil olaraq oranı bitirən Müşfiq Orucovun şəhid olması faktı sosial şəbəkələrdə xeyli narazılıq yaratmışdı. Hamı birmənalı olaraq o fikirdə idi ki, belə savadlı gənclər arxa cəbhədə ön cəbhəyə nisbətən daha faydalı ola bilərlər. Müharibədə ölümə göndərməkdənsə, onların elmi potensialından ölkənin mənafeləri üçün daha faydalı istifadə etmək olardı.

Xəbər lenti
0