BAKI, 12 may — Sputnik. Azərbaycanlıların böyük əksəriyyəti Dağlıq Qarabağda beynəlxalq sülhməramlıların yerləşdirilməsinin əleyhinə olduğunu bildirib.
Sputnik xəbər agentliyi aprel ayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi müstəvidə gərginləşəndən sonra, oxucular arasında sorğu keçirib. Sorğuda oxuculara “Beynəlxalq sülhməramlıların Qarabağda yerləşdirilməsinə necə baxırsınız?” sualı ünvanlanıb. Oxuculara bu cavab variantları verilib: 1. Tərəfdarıyam; 2. Əleyhinəyəm; 3. Baxır sülhməramlıların tərkibi hansı ölkələrin hərbçilərindən ibarət olacaq; 4. Mənim üçün fərqi yoxdur, təki Qarabağ məsələsi həll olunsun; 5. Bu barədə heç bir fikrim yoxdur.
Sorğuda iştirak edənlərin ən çoxu – 66,7%-i Qarabağda beynəlxalq sülhməramlıların yerləşdirilməsinin əleyhinə olduqlarını bildiriblər.
“Baxır sülhməramlıların tərkibi hansı ölkələrin hərbçilərindən ibarət olacaq” — deyənlər sorğuda iştirak edənlərin 20.4%-ni təşkil edib.
“Mənim üçün fərqi yoxdur, təki Qarabağ məsələsi həll olunsun” — deyənlər 9.3% olub.
Sülhməramlıların yerləşdirilməsinə tərəfdar olanlar respondentlərin 3.7% —ni təşkil edib.
Respondentlərin heç biri “Bu barədə heç bir fikrim yoxdur” variantını seçməyiblər.
Qeyd edək ki, indiyə qədər ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə tərəflərinə təqdim etdikləri mərhələli həll variantlarında, əvvəlcə Azərbaycanın işğal olunmuş beş rayonunun (daha sonra isə Kəlbəcərin və Laçının 13 kəndinin) qaytarılması, sonra bölgəyə beynəlxalq sülhməramlıların yerləşdirilməsi, ardından da Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün referendumun keçirilməsi məsələləri var.
Məlumat üçün qeyd edək ki, Sputnik portalının sorğuları periodikdir və keçirildiyi dövrdə aktual olan məsələlərə həsr edilir. Sorğuda yalnız sputnik.az saytının oxucuları iştirak edir.