BAKI, 12 may — Sputnik. Hollivud ulduzu Leonardo Di Kaprio (Leonardo DiCaprio) bir anda Güney Azərbaycanda yaşayan milyonlarla türkün sevimlisinə çevrilib.
Buna səbəb aktyorun Instagram şəbəkəsində paylaşdığı bir fotodur. O, ötən həftə Urmiyə gölünün quruması ilə bağlı foto paylaşıb.
Onun bu fotosunu 115 minə qədər istifadəçi şərh edib. Bu son üç ayda Leonun hesabına gələn şərhlərin yarısı deməkdir.
Di Kaprionun Instagramda 7 milyona yaxın izləyicisi olsa da, onun paylaşdığı fotoları şərh edənlərin sayı nadir hallarda 3 mini keçir.
Şərhlərdən göründüyü kimi onu yazan istifadəçilərin əksəriyyəti iranlıdır və çox güman ki, Güney Azərbaycandan olanlardır.
Fotonun altına Leo bu sözləri yazıb: “İranın şimal-qərbində, qurumuş Urmiyə gölünün üstündə köhnəlmiş gəmi doku. Vaxtilə bu, Orta Şərqin ən böyük şor sulu gölü olub. Amma iqlim dəyişikliyi səbəbindən indi onun suyunun səviyyəsi 20 il əvvəlkinin cəmi beş faizi qədərdir.”
Fotoya yazılan şərhlərin çoxunda "İrandan təşəkkürlər" sözləri ilə minnətdarlıq ifadə edilib.
"Yaşasın Leo", "Təşəkkürlər Leo, təşəkkürlər. Mən iranlı tələbəyəm. Səni sevirəm. Türklər səni sevir. Sən bütün dünyanın aktyorusan" kimi şərhlər burada yer alıb.
Xatırladaq ki, Leonardo Di Kaprio artıq bir neçə ildir ki, Yer planetində iqliminin dəyişməsi ilə bağlı kampaniya aparır. O, 2014-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə nümayəndəsi elan edilib.
Hətta uzun illər gözlədikdən sonra ilk Oskar (Oscar) mükafatını alan Leo Oskar nitqinin əsas hissəsini iqlimin dəyişməsi probleminə həsr etmişdi.
"İqlim dəyişikliyi realdır, bu hazırda baş verir. Bu, bütün insan nəslinin üzləşdiyi ən təcili təhlükədir və biz ona qarşı birgə işləməli, ləngitməni dayandırmalıyıq" – deyə Leo həyəcanlı nitqində bildirmişdi.
Qeyd edək ki, UNESCO-nun Biosfer Qoruğu adlandırdığı Urmiyə Gölünün ərazisi quraqlığa və bəndlərin çəkilməsinə görə, son 20 il ərzində böyük hissəsini itirib. Ekologiya üzrə ekspertlərin fikrincə, göl bir neçə il ərzində tamamilə quruya bilər ki, bu da ekoloji fəlakət gətirib çıxarar.
2014-cü ildə İran hökuməti Urmiyə Gölünün bərpa edilməsi üçün vəsait ayırdığını bəyan edib.
Güney azərbaycanlıları artıq bir neçə ildir ki, Urmiyə gölünün quruması əleyhinə kampaniya aparırlar. Onlar hesab edirlər ki, İran hökuməti bu gölün qurumasını qəsdən istəyir. Çünki bu göl, İranda yaşayan türklər üçün müqəddəs bir yerdir, onların tarixinin ayrılmaz bir hissəsidir.
Ötən il Güney Azərbaycandan olan bir qadın Urmiyə gölünün qurumasına diqqəti cəlb etmək üçün orijinal yola əl atmışdı.
Qadın Urmiyənin kənarında tikiş maşını ilə onlarla metr uzunluğu olan ağ parçanın üzərinə qurumuş gölün balıqlarını simvolizə edən qırmızı balıq şəkilləri tikmişdi. Balıq şəkilli ağ bez gölün qurumuş hissələrində yerə sərilmişdi.