SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti Dağıstan lideri ilə görüşdə önəmli mesajlar verdi

© Photo : Azərbaycan Prezidentinin rəsmi səhifəsiPrezident İlham Əliyev Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovu qəbul edib. Dövlət başçısı babası Əziz Əliyev haqqında kitab yazdığına və Mahaçqalada onun heykəlini qoyduğuna görə Ramzan Abdulatipova minnətdarlığını bildirib.

BAKI, 12 may — Sputnik. Prezident İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik president.az-a istinadla xəbər verir ki, İ. Əliyev görüşdə öz adından və bütün Azərbaycan xalqı adından görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin xatirəsinə, şəxsən Ramazan Abdulatipov və qardaş Dağıstan xalqı tərəfindən göstərilən hörmətə görə minnətdarlığını bildirib.

Ramazan Abdulatipov - Sputnik Azərbaycan
Dağıstanın rəhbəri Azərbaycana gəlir

Prezident ötən gün Mahaçqalada Əziz Əliyevin abidəsinin təntənəli açılışını və bununla bağlı Dağıstan Respublikasının başçısının şəxsən qərar qəbul etməsini yüksək qiymətləndirib. O, Ramazan Abdulatipovun mərasimdəki çıxışı zamanı Heydər Əliyev, Əziz Əliyev və Azərbaycan Respublikasının Prezidenti haqqında dediyi xoş və səmimi sözlərə görə təşəkkür edib.

Əziz Əliyevin Azərbaycanın və Dağıstanın görkəmli dövlət xadimi olduğunu qeyd edən İlham Əliyev bir ölkə başçısı, eyni zamanda, Əziz Əliyevin nəvəsi kimi, dağıstanlıların onu daim yaddaşlarında saxlamalarının, xatirəsinə hörmətlə yanaşmalarının, Dağıstanın inkişafı və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirmələrinin onun üçün ikiqat xoş olduğunu deyib.

Prezident bu cür xoş ənənələrin bu gün Rusiya Federasiya ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin, o cümlədən Dağıstanla Azərbaycan Respublikasının əməkdaşlığının inkişafında önəmli faktorlardan biri olduğunu qeyd edib.

İ.Əliyev Dağıstan liderinin "Əziz Əliyev və Dağıstan" adlı kitaba müəlliflik etməsindən məmnunluğunu da ifadə edib. Bu kitabın yazılmasına vaxt tapdığına və orada Əziz Əliyev haqqında ifadə olunan xoş sözlərə görə, Əziz Əliyevin Dağıstan və Azərbaycan qarşısındakı xidmətlərinin, Böyük Vətən Müharibəsi illərində göstərdiyi fəaliyyətin işıqlandırılmasına görə təşəkkürünü bildirib.

Bu gün həm də Azərbaycanda Dağıstan mədəniyyət günlərinin başlandığını vurğulayan dövlət başçısı, bunun ölkəmiz üçün önəmli bir hadisə olduğunu deyib: "Dağıstan həmişə bizim üçün, dərin tarixi tellərlə bir-birimizə bağlı olan qardaşlarımızın yaşadığı bir doğma diyar olub və olacaq".

Xoş sözlərdən məmnun olduğunu bildirən Ramazan Abdulatipov ilk növbədə Dağıstanla əməkdaşlıq məsələlərinə göstərdiyi diqqətə görə dövlətimizin başçısına minnətdarlıq edib: "Rusiya Federasiya ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin əsası milli liderlərimiz Heydər Əliyev və Vladimir Putin tərəfindən qoyulub və Siz bu gün müasir Azərbaycanın rəhbəri kimi ölkələrimiz arasında strateji əməkdaşlığa əsaslanan münasibətlərimizin inkişaf etdirilməsi siyasətini davam etdirirsiniz. Vladimir Putin hələ 2001-ci ildə Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətini qeyd edərkən ölkələrimizin inkişafında regionlararası əməkdaşlığın rolunu vurğulamışdı. Mənim bu səfərim də həmin baxışlara əsaslanır və biz Azərbaycanla əməkdaşlığı inkişaf etdiririk".

"Biz dünən Rusiyanın, Sovetlər İttifaqının, Azərbaycanın və Dağıstanın böyük dövlət xadimi Əziz Əliyevin abidəsinin açılışını bayram etdik. Əziz Əliyev dəfələrlə demişdi ki, biz bir xalqıq və doğrudan da minillik tarixi əlaqələrimizin ümumi kökləri, çox yaxın mədəniyyətləri və ənənələri vardır. Bundan başqa, biz 200 ildən artıqdır ki, rus xalqı ilə bağlıyıq", — deyə Dağıstan rəhbəri bildirib.

Ramazan Abdulatipov Prezident İlham Əliyevlə əvvəlki görüşləri məmnunluqla xatırladaraq, dövlətimizin başçısının rus dili və mədəniyyəti haqqında söylədiyi dəyərli fikirlərin çox önəmli olduğunu bildirib. Görüş zamanı əməkdaşlığın müxtəlif sahələrdə perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0