BAKI, 12 may — Sputnik. "Ermənistan beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına əməl etmir və əksinə, son vaxtlar cəbhə xəttinə yaxın ərazidə yaşayan azərbaycanlı mülki əhaliyə qarşı hücumları artırır".
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu açıqlamanı Almaniyada səfərdə olan, xarici işlər naziri Elmar Məmmədyarov verib. "Ermənistan beynəlxalq humanitar hüquq normalarını açıq-aşkar pozur" deyə nazir bildirib.
E. Məmmədyarov Almaniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin beynəlxalq məsələlər üzrə aparıcı beyin mərkəzlərindən olan Alman Xarici Siyasət Cəmiyyətində "Azərbaycan və onun qonşuluğu. Xarici və təhlükəsizlik siyasətinin çağırışları" mövzusunda geniş məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycanın regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsində rolu, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı regional layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, Azərbaycanın tarazlaşdırılmış xarici siyasəti, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı danışıb.
Sonra E. Məmmədyarov tədbir iştirakçılarının suallarını cavablandırıb. Bütövlükdə 150-yə qədər iştirakçının qatıldığı tədbirdə Azərbaycan Milli Məclisinin və Almaniya Bundestaqının deputatları, Almaniyanın dövlət orqanlarının təmsilçiləri, bu ölkənin siyasi, elm və mədəniyyət xadimləri, xarici ölkə diplomatları, mətbuat təmsilçiləri və tələbələr iştirak ediblər.