BAKI, 21 apr — Sputnik. "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətrafında davam edən hərbi münaqişə Azərbaycan ərazilərinin təqribən beşdə birinin işğalı və ölkə əhalisinin hər doqquz nəfərdən birinin məcburi köçkün və ya qaçqın olması ilə nəticələnib".
Sputnik xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda yer alır. "Ermənistan Respublikası Azərbaycana qarşı müharibənin başladılması və gücdən istifadə etməklə onun torpaqlarının işğalı, eləcə də kütləvi etnik təmizləmənin həyata keçirilməsi və münaqişə dövründə digər ağır cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyır", —deyə bəyanatda bildirilir.
XİN bəyan edir ki, beynəlxalq ictimaiyyət sərt şəkildə Azərbaycana qarşı hərbi gücdən istifadəni və onun torpaqlarının işğalının nəticələrini ardıcıl formada qınayıb: "1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib, Azərbaycana qarşı gücdən istifadəni və onun ərazilərinin işğalını pisləyib, eyni zamanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, o cümlədən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da buna oxşar sənədlər qəbul edib".
"Beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə etinasızlıq və beynəlxalq hüququn kobud şəkildə pozulması şəraitində Ermənistan işğala əsaslanan hazırkı status-kvosunu qoruyub saxlamağa, işğal olunmuş ərazilərdə öz hərbi mövcudluğunu gücləndirməyə, ərazilərin demoqrafıq, mədəni və fiziki xarakterini dəyişməyə, zorla məcburi köçkün edilən yüz minlərlə azərbaycanlının doğma torpaqlarına qayıtmasının və bu ərazilərdəki mülkiyyətinə sahib olmasının qarşısını almağa xidmət edən cəhdlərini davam etdirir", —bəyanatda vurğulanır.
Nazirlikdən bildirilib ki, bununla yanaşı, davamlı şəkildə atəşkəsin pozulması, azərbaycanlı mülki əhalinin həlak olması və yaralanması ilə nəticələnən Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xətti boyunca və hər iki dövlətin sərhədində yerləşən Azərbaycan şəhərləri və kəndlərinə hücumlar son dövrlər daha intensiv və zorakı xarakter alıb: "Azərbaycan Respublikası bu xüsusda öz qəti etirazını və ciddi narahatçılığını dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir. Azərbaycan Respublikası onu da dəfələrlə bəyan edib ki, onun ərazilərinin hərbi işğalı həll yolu deyildir və heç zaman Ermənistanın arzu etdiyi siyasi nəticələrlə yekunlaşmayacaqdır.
2 aprel 2016-cı il tarixində səhər tezdən Ermənistan Silahlı Qüvvələri işğal edilmiş ərazilərdəki mövqelərdən qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və təmas xəttinə yaxın ərazilərdə Azərbaycanın nəzarəti altında olan mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutub. Ermənistanın hücumları və sonrakı həmlələri nəticəsində qoşunların təmas xətti boyunca 34 şəhər və kənd atəşə məruz alıb, uşaqlar da daxil olmaqla xeyli sayda mülki Azərbaycan əhalisi öldürülüb və yaralanıb. Özəl və ictimai mülkiyyətə ciddi ziyan dəyib. Beləliklə, 314-ü fərdi yaşayış evi olmaqla 353 mülki bina, 3 məktəb, 3 uşaq bağçası, 1 mədəniyyət mərkəzi və digər iaşə obyektləri dağıdılıb və ya ciddi ziyan dəyib. Bundan başqa, 357 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, 30 transformator, eləcə də su anbarları, qaz boruları, yollar və digər mülkiyyətə ciddi ziyan vurulub. 2016-cı il 18 aprel tarixinə kimi Ermənistan silahlı qüvvələrinin hücumlarının nəticələrinə dair yenilənmiş məlumat əlavə edilir".
"Ermənistanın hücum xarakterli əməlləri həmçinin, Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanmasına səbəb oldu. 10 aprel 2016-cı il tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəflər arasında son gərginliyin ardınca həlak olmuş şəxslərin cəsədlərinin təhvil verilməsi məsələsinə köməklik göstərdi. Sonradan həyata keçirilən məhkəmə-tibbi ekspertizası nəticəsində Azərbaycan hərbi qulluqçularının cəsədlərində ölümdən sonra həyata keçirilən çoxsaylı işgəncə əlamətləri qeydə alınıb", — XİN vurğulayır.
Daha sonra bəyanatda deyilir: "Ermənistan qəsdən həyata keçirdiyi hücum fəaliyyəti ilə 1994-cü ildə əldə edilmiş atəşkəs rejimini sarsıdıb və münaqişənin sülh yolu ilə həlli perspektivlərini zərbə altına qoyub. 5 aprel 2016-cı il tarixində Rusiya Federasiyasının vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında atəşkəs barədə razılığa gəlindi. Buna baxmayaraq, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və qoşunların təmas xətti boyunca yerləşən şəhər və kəndlərini iri-çaplı silahlar, minaatanlar, qumbaraatanlar və artilleriyadan atəşə tutmaqla o razılaşmanı pozmaqda davam edir.
Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, o cümlədən Azərbaycan hərbi qulluqçularına qarşı qeyri-insanı davranışı beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, 1954-cü il Hərbi münaqişələr dövründə mədəni mülkiyyətin qorunmasına dair Haaqa Konvensiyası və onun protokolları, Mülki və siyasi hüquqlara dair beynəlxalq pakt, İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq pakt, İşgəncə və digər zorakılıqların, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və yaxud cəzalara qarşı Konvensiya, Bütün növ ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiya, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyəti ilə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi tövsif olunur.
Ermənistan tərəfindən Azərbaycana qarşı başladılmış müharibənin səbəb və nəticələrinin hərtərəfli qiymətləndirilməsi nəticəsində tam şəkildə aydın olur ki, münaqişə dövründə Ermənistan tərəfindən törədilmiş cinayətlər pərakəndə və ya təsadüfi hallar olmayaraq, Ermənistanın geniş yayılmış və sistematik xarakter daşıyan siyasətinin və zorakılıq təcrübəsinin tərkib hissəsidir. Azərbaycan Respublikası əmindir ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquqi çərçivədə görülən tədbirlər Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsinə çıxarılmasına xidmət edəcəkdir.
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti beynəlxalq hüququ kobud şəkildə pozduğuna görə Ermənistanı qınamağa və BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin yerinə yetirilməsini tələb etməyə çağırır. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna bilər. Azərbaycan Respublikası münaqişənin siyasi yolla nizamlanmasına nail olunması və regionda sülh və ədalətin təmin olunması üçün səylərini əsirgəməyəcəkdir".