BAKI, 11 may – Sputnik. Rəssam və dizayner Lalə Ağayeva "LACO" brendi altında “Xarı bülbül” adlı yeni geyim kolleksiyasının təqdimat mərasimini keçirib.
Tədbir Qarabağ şikəstəsi kompozisiyası ilə başlayıb, eyni zamanda Şuşa və Qarabağ panoramalarını əks etdirən slayd-şou təqdim edilib.
Sonra dizayner Lalə Ağayeva çıxış edib: “ Rusiyadan Azərbaycanı təmsil etmək üçün dəvət aldım. Düşündüm ki, bu günki günlərimizdə mən mütləq elə kolleksiya ilə çıxış etməliyəm ki, həm vətənimə, xalqıma, sənətimlə həmrəy olum, həm də geyimlərimizlə belə Qarabağın Azərbaycanın olduğunu sübut edim. Bu zaman mən Xarı bülbül gülü haqqında oxudum və qərara gəldim ki, Xarı Bülbül kolleksiyasını yaradım. Beləliklə “Xarı Bülbül” geyimləri ərsəyə gəldi”.
Tədbirdə bir çox dizaynerlər və modasevərlər, Lalə Ağayevanın dostları iştirak edib. Tədbir zamanı qonaqlar çıxış edərək bu təşəbbüsün gözəl olduğunu söyləyərək dizaynerə uğurlar arzulayıb.
Xatırladaq ki, Xarı bülbül kolleksiyasının siması şairə Zəhra Bədəlbəylidir. Təqdimat zamanı kolleksiyadan bir geyimi nümayiş etdirən Z. Bədəlbəyli kolleksiyanın siması olduğundan məmnun olduğunu söyləyib.
Xatırladaq ki, Xarı bülbül kolleksiyası Bakı moda həftəsində və Moskvada keçiriləcək “Azərbaycan dizaynerlərinin əl işləri” tədbirlərində nümayiş olunacaq.