BAKI, 11 may — Sputnik. "Azərbaycanda elə sahibkarlar var ki, yoxlamaların dayandırılmasından sui-istifadə edərək keyfiyyətsiz məhsul istehsal edirlər". Bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov deyib.
O bildirib ki, bəzi iş adamlarından məhsulların keyfiyyəti ilə bağlı şikayətlər daxil olur: "Biz də bunu araşdırıb, mətbuata məlumat veririk. Yanacaqdoldurma məntəqələri, ərzaq məhsullarının istehsalı və s. sahələrlə bağlı vəziyyət açıqlanıb, amma şikayətlər hər bir sahədən olur".
"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlamaları bərpa edəcəkmi?" sualına cavabında R. Həsənov yoxlamaların dayandırılmadığını deyib: "Biz yalnız kütləvi formada olan yoxlamaları dayandırmışıq, monitorinqlər aparırıq. Müəssisəni narahat etmədən bazarda monitorinq aparıb, olan nöqsanları aşkarlayıb, müvafiq tədbirlər görürük".
"Bütün hallarda yoxlamaların dayandırılması məqbul haldır"
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Azər Mehdiyev Sputnik-ə açıqlamasında deyib ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması doğru addımdır: "Ona görə ki, həmin dövrə qədər də sahibkarlıq sahəsində yoxlamaların vəziyyətində ciddi bir dəyişiklik və yaxud yaxşılığa doğru bir nəticə hasil edildiyinin şahidi olmadıq. O yoxlamalar sadəcə sahibkarlar üçün əlavə xərc demək idi. Bir çox hallarda hətta istehlakçıların hüquqlarının pozulması, keyfiyyətsiz məhsullar ilə müşayiət olunan hallar aşkara çıxdıqda belə, o məsələlər cəmiyyətə açıqlanırdı, müəyyən guya addımlar atıldığı söylənilirdi, ancaq nədənsə həmin proseslər sonra yenidən eyni qaydada davam edirdi".
"Yəni, faktiki görünürdü ki, bu yoxlamaların böyük əksəriyyəti rüşvətə xidmət edir. Ötən il iqtisadi böhranın dərinləşməsi şəraitində dövlət başçısı qərar verdi ki, 3 il müddətinə yoxlamalar dayandırılsın. Burada korrupsiya və rüşvətxorluq halları ilə bağlı və bir də vergi orqanlarının yoxlamaları istisna olunurdu. Digər bütün yoxlamaların dayandırılması barədə qərar verilmişdi", — deyə ekspert bildirib.
Onun fikrincə, sahibkarlığın bütün bu yoxlamalardan — əlavə yüklərdən xilas olması baxımından bu, çox önəmli addım idi: "Ancaq eyni zamanda, nəzərə almaq lazımdır ki, bu addım ölkənin iqtisadi, bank sistemində problemlərlə müşahidə olunan dövrə təsadüf edir. İqtisadi fəallıq aşağı düşüb, əhalinin alıcılıq qabiliyyəti azalıb, bu baxımından bunlar öz təsirini göstərməmiş deyil. Yəni, iqtisadi fəallıq hələ arzu olunan səviyyədə deyil. Ancaq bütün hallarda bu yoxlamaların dayandırılması məqbul haldır".
"Onlara qarşı elə sərt cəzalar tətbiq olunur ki…"
Bəzi sahibkarların yoxlamaların dayandırılmasından sui-istifadə edərək keyfiyyətsiz məhsul istehsal etməsinə toxunan ekspert deyib ki, əvvəllər də bazara keyfiyyətsiz məhsullar buraxanlar olub, indi də olacaq: "Əvvəllər də bunun qarşısı ciddi şəkildə alınmayıb. İndiki halda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun var. Həmin qanunun tələblərinə uyğun olaraq bu hallar aşkarlanarsa, müvafiq qaydada bunu məhkəmə yolu ilə də həll etmək olar, bu məsələləri aydınlaşdırmaq olar".
"Dövlət qurumları öz səlahiyyətlərindən istifadə edib həmin qanunu pozan, bazara insanların sağlamlığına təhlükə törədən, keyfiyyətsiz mallar çıxaran sahibkarlara qarşı kifayət qədər ciddi tədbir görmür. Bu da bu cür halların təkrarlanmasına səbəb olur. Yəni, bizdə sadəcə olaraq institusional baxımından bu qaydalara doğru əməl edilməsinə ehtiyac var", — A. Mehdiyev vurğulayıb.
O, qeyd edib ki, əgər bazara keyfiyyətsiz məhsullar çıxırsa, insan sağlamlığına təhlükəli olan hallar yaranırsa, istehlakçılar məhkəmələrə müraciət edir və məhkəmə qaydasında həmin sahibkarlar çox sərt cəzalandırılır: "Yaxud müvafiq dövlət qurumları bu prosesə qatılaraq bu cür halların qarşısını çox sərt şəkildə alırlar. Bu cür addımı atan sahibkarlar elə cəzalara məruz qalırlar ki, onlar növbəti dəfə bu addımı ata bilmirlər. Ya onların fəaliyyət göstərməsi qadağan olunur, ya onlara elə cərimələr tətbiq edilir ki, bunu növbəti dəfə təkrarlamaqda maraqlı olmurlar".
"Yoxlamaların tam dayandırılması da düzgün deyil"
Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin (KOMİYMİB) rəhbəri İlkin Qarayev isə yoxlamaların dayandırılmasının bütün təşkilatlara şamil edilmədiyini deyir. "Təcrübə göstərir ki, bəzi şirkətlərdə yoxlamalar var, davam edir. Hesab edirəm ki, burada kriteriyalar qoyulmalı idi", — deyə ekspert Sputnik-ə açıqlamasında bildirib.
"Məsələn, 1-2 ilə qədər fəaliyyət göstərmək, yaxud sadələşmiş vergi sistemi ilə işləmək və ya dövriyyəsi çox olmamaq kimi kriteriyalar ola bilərdi. Ümumilikdə, yoxlamaların dayandırılması sahibkarlıq mühitinə müsbət təsir göstərir. O mənada ki, sahibkarlar daha rahat olurlar, buna vaxt ayırmırlar. Çünki, yoxlama sahibkarın vaxtını alır", — İ. Qarayev əlavə edib.
Onun qənaətincə, böyük mənada yoxlamaların tam dayandırılması da düzgün deyil: "Tutalım Sanitar-Epidemioloji Stansiyasının ictimai iaşə obyektlərində keçirdiyi yoxlamalar. Vətəndaşlar müxtəlif ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edir, yemək yeyir və s. İstehlakçı kimi hamımız istərdik ki, bu yeməklərin hazırlanması prosesi bütün sanitar-gigiyena normalarına uyğun olsun".
Belə ki, əgər sahibkar bu məsələyə ciddi yanaşmayacaqsa, məsuliyyət hiss etməyəcəksə, burada xoşagəlməz halların olması istisna deyil: "Yəni, köhnə məhsullardan istifadə etmə, məhsulların saxlanma şəraitinin adekvat olmaması və s. Biznesdən-biznesə də fərq var. Ölkə daxilində topdansatışla məşğul olan şirkət üçün hansısa bir problem yoxdur. Amma vaxtı keçmiş, qadağan olunmuş malları satan müəssisələrə, sahibkarlara nəzarət olmalıdır".