BAKI, 11 may — Sputnik. Vergilər naziri Fazil Məmmədov ticarət şəbəkələrinin əlavə dəyər vergisi (ƏDV) üzrə vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirib. O deyib ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz.
"Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98%-i bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2%-i marketlərdə satılır. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Bu, mümkün deyil. Təkrar edirəm, kənd təsərrüfatı məhsullarının 98%-i bazarlarda satılır. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi", — nazir bildirib.
Qeyd edək ki, böyük supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə ƏDV-yə sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər. İqtisadiyyat Nazirliyi isə bildirib ki, bu məsələyə Vergilər Nazirliyi ilə birlikdə baxılır.
"Həm gömrük rüsumları, həm də ƏDV 34-36 faizə qədər əlavə ödəniş edilməsinə gətirib çıxarır"
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə deyib ki, burada iki məsələyə fikir vermək lazımdır: "Birincisi, elə Bakı şəhərinin özündə bu qədər kənd təsərrüfatı bazarı yoxdur ki, 3 milyondan çox əhalisi olan bir şəhərin 95-98 faizi kənd təsərrüfatı məhsullarını bazarlardan alsın. Yəni, əhalinin böyük əksəriyyəti bu məhsulları ya supermarketlərdən, ya da kiçik mağazalardan alırlar ki, bunlar da vergiyə cəlb olunur".
Küçə ticarətinin də yığışdırıldığını xatırladan mütəxəssisin sözlərinə görə, əvvəllər heç olmazsa, metroların yanında çox kiçik küçə ticarəti ilə məşğul olan, meyvə-tərəvəz satan insanlar var idi: "Onlar da yığışdırılıb. Ən ucuz qiymətə onlar təklif edirdilər. Digər məsələ ondan ibarətdir ki, bir çox hallarda, məsələn, "Təzə bazar"da olan qiymətləri marketlərdə olan qiymətlərlə müqayisə etdikdə görürük ki, bəzən hətta "Təzə bazar"da qiymətlər daha bahadır, nəinki marketlərdə".
"İkincisi, ƏDV məsələsində ticarət şəbəkələrinin müraciəti tək kənd təsərrüfatı məhsullarına aid deyil. Ümumiyyətlə ƏDV-dən azad olunması və ya xaricdən gətirilən məhsullarda həm gömrük rüsumlarının, həm ƏDV-nin birgə hesablanması bəzən 34-36 faizə qədər əlavə ödəniş edilməsinə gətirib çıxarır. Burada söhbət bütün ərzaq məhsullarından gedirdi, təkcə kənd təsərrüfatı məhsullarından deyil", — N. Cəfərli vurğulayıb.
Onun sözlərinə görə, Vergilər Nazirliyi ƏDV-də, vergi toplamalarında çox mühüm rol tutduğuna görə, bu sahədə güzəştlərin olunmasında maraqlı deyil: "Çünki, vergilərin yığılmasında problemlər yaşana bilər. Vergilər Nazirliyinin qarşısında da plan qoyulub ki, bu il təqribən 8 milyard manata yaxın vergi toplamalıdır. ƏDV-də müəyyən güzəştlər olsa, bu planın yerinə yetirilməsi axsaya bilər. Görünən odur ki, Vergilər Nazirliyi bu məsələdə çox sərt mövqeydədir".
"Onu da bilmək lazımdır ki, son nəticə etibarı ilə ölkədə ƏDV ödəyicisi sadə vətəndaşlardır. Alış-veriş edərkən ƏDV-ni qiymətin üzərində ödəmiş olur. Sonuc etibarı ilə bu, vətəndaşın cibindən çıxan vəsaitdir", —deyə ekspert bildirib.
"Ticarət şəbəkələri də ƏDV-dən azad edilsin"
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə vergilər nazirinin mövqeyini qismən başadüşülən hesab edir. "Son vaxtlarda vergi yığmaq çətinləşib. Çünki, sahibkarlar bizneslərini bağlayıblar", — deyə o, Sputnik-ə açıqlamasında bildirib.
Ekspertin fikrincə, vergilər nazirinin bu mövqeyi son nəticədə özlərinə də zərər vura bilər: "Çünki, vergi güzəştləri olmasa, sahibkarların daha çox hissəsi bizneslərini bağlaya bilər və vergi yığımı daha da azala bilər. Hesab edirəm ki, vergi siyasəti məsələsinin belə məsələlər ilə bağlı bilavasitə Vergilər Nazirliyinə tapşırılması o qədər də düzgün deyil".
Bu məsələnin, daha çox Maliyyə və İqtisadiyyat nazirliklərinin işi olduğunu deyən Ə. Həsənov sonda deyib: "Əgər vergilər naziri hesab edirsə ki, onsuz da kənd təsərrüfatı məhsullarının 98%-i bazarlarda satılır və vergi yığılmır, o zaman ticarət şəbəkələrini də ƏDV-dən azad etsin. Yəni, azad et, qoy marketlər də bu məhsulları vergisiz satsın".