BAKI, 9 may — Sputnik. Aprelin əvvəlində hərbi əməliyyat zamanı yaralanan, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edən Azərbaycan Ordusunun zabiti Nəcməddin Savalanov mayın 9-da dəfn edilib.
Mərhumu son mənzilə yola salmaq üçün minlərlə rayon sakini, dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, hərbi qulluqçular onun doğulduğu, hazırda ailəsinin yaşadığı İmişli rayonunun Göbəktala kəndində olublar. Burada coşqulu matəm mitinqi keçirilib.
Kapitan Nəcməddin Savalanovun azyaşlı uşaqlarının Vətən haqqında səsləndirdikləri şeirlər mərasim iştirakçılarını təsirləndirib. Mərhumun sağlığında təltif olunduğu “İgidliyə görə” medalı sonbeşiyi olan Aydanın yaxasına taxılıb. Həlak olan hərbi qulluqçu kənd qəbiristanlığında torpağa tapşırılıb.