BAKI, 9 may — Sputnik. İnsan burun və ya ağız vasitəsilə nəfəs ala bilir. Lakin məhz burun nəfəsalması "düzgün", yəni fizioloji sayılır.
Məsələ burasındadır ki, burunun selikli qişaları və burun boşluğunda olan xırda tükcüklər patoloji mikrobların ətraf mühitdən orqanizmə daxil olmasına mane olur. Bu insan immun sisteminin "ön cəbhəsidir". Bundan əlavə hava burunda isinir və nəticədə bu bizim nəfəs yollarımızı soyuqlamadan qoruyur.
Burun nəfəsalmanı çətinləşdirən ilk səbəblərdən biri insanın burun çəpərinin əyriliyidir. Belə əyrilik nə zaman yarana bilər? Burun çəpəri sümük və qığırdaq hissələrindən ibarətdir. Uşağın boyatma və inkişafı zamanı onun sümüklərinin inkişafı qığırdaq toxumasının inkişafından daha sürətli gedə bilər ki, nəticədə burun çəpəri düzgün formalaşmamış olur. Bu burun əyriliklərinin ən çox təsadüf edilən səbəblərindəndir.
Digər səbəb — müxtəlif travmalardır. Bəzən burun çəpərinin əyriliyi uşaqda doğuş travması nəticəsində yaranır. Bundan əlavə uşaq yıxıldıqda və ya hər hansı zərbə aldıqda bu patologiya yarana bilər.
Burun polipəri (burun boşluğunda olan şişlər), tez-tez təkrarlanan və uzun sürən zökəm, uşaqlarda burunda yad cismin uzun müddət ərzində qalması nəticəsində də burun çəpərinin əyriliyi inkişaf edə bilər.
Bu patologiyanın dəqiq diaqnozunu yalnız LOR-həkimi xüsusi müayinədən sonra qoya bilər.
Bu patologiyadan nə zaman şübhələnmək olar?
— İnsanda burun nəfəsalmanın çətinləşməsi və ya tam mümkün olmaması zamanı.
— İnsan yuxuda xoruldadıqda.
— Burun boşluğunda daim quruluq hiss olunduqda.
— İnsanda xroniki sinusitlər (haymorot, frontit və s.) inkişaf etdikdə. Burun nəfəsalması çətinləşdiyi halda burunun seliyi normal xaric olmur, sinuslarda (haymor cibləri və s.) yığılır və nəticədə burada mikrobların inkişafı üçün çox "əlverişli" mühit yaranır. Bu isə nəticədə burada iltihab prosesinin yaranmasına səbəb olur. Beləliklə, bütün xroniki sinusitlərdən əziyyət çəkən insanlarda burunun çəpərinin əyriliyi olub-olmadığı yoxlanmalıdır.
— Allergik xəstəliklərinin olması (allergik zökəm və s.).
— Burunun formasının dəyişilməsi zamanı (travmadan sonra).
Burun çəpəri əyriliyinin ağır formaları (!) insanın səhhətinə çox mənfi təsir edir — qanın tərkibi dəyişilir, insanda davamlı baş ağrıları olur, ürək-damar sistemində müxtəlif pozulmalar əmələ gələ bilər, immunitet zəifləyə bilər (nəticədə insan tez-tez respirator xəstəliklərə tutulur), allergik xəstəliklər (allergik rinit, bronxial astma), kəskin və xroniki haymorit, irinli rinit inkişaf edə bilər və s.
Burun çəpəri əyriliyinin ağır formalarında cərrahi əməliyyata ehtiyac yarana bilər. Bu əməliyyat "septoplastika" adlandırılır.
Bu əməliyyat plastik əməliyyatlara aid edilir və burun boşluğundan həyata keçirilir. Bu səbəbdən üz dərisində heç bir kəsiklər aparılmır. Əməliyyat zamanı burun çəpərinin əyri hissələri kəsilir və nəticədə burun çəpəri düzəldilir.
Hal hazırda belə əməliyyatları endoskopik üsulla həyata keçirirlər ki, nəticədə cərrah əməliyyat sahəsini monitorda daha aydın görə bilir. Əməliyyat təxminən 40-60 dəqiqə davam edir.
Əməliyyatdan sonra xəstənin burun boşluğuna xüsusi tamponlar yerləşdirilir və bu tamponlar burunda 24-48 saat ərzində qalır. Hal hazırda xüsusi lateks və ya içərisində kiçik borucuq olan gel tamponları istifadə olunur ki, xəstə əməliyyatdan dərhal sonra burunla nəfəs ala bilir.
Əməliyyatdan təxminən 1-2 həftə sonra xəstənin əmək qabiliyyəti bərpa olunur. Lakin 1 ay ərzində ağır fiziki yükləmələrdən uzaq olmaq lazımdır.