Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Misirdə vəziyyət və ya Sisi odla su arasında

© REUTERS / Mohamed Abd El GhanyQahirədə prezident Abdel Fattah əl-Sisinin əleyhinə keçirilən nümayişin iştirakçıları
Qahirədə prezident Abdel Fattah əl-Sisinin əleyhinə keçirilən nümayişin iştirakçıları - Sputnik Azərbaycan
Abunə olmaq
General Sisi Misirdə hakimiyyəti saxlaya biləcəkmi, yoxsa onun da taleyi Hüsnü Mübarək kimi olacaq?

Son aylar Misirdə baş verən hadisələr Sisi hakimiyyətinin möhkəmlənməsinə hələ uzun müddət tələb olunacağı fikrini təsdiq edir. Təbii ki, insanların narazılığına səbəb olan siyasət aradan qaldırılarsa. Bu gün eyforiyalar sakitləşib və hakimiyyət vəziyyəti ən azından Husni Mübarək dövrünə qaytarmaqda, sabitliyi bərpa etməkdə problemlər yaşayır. General paqonlarını Prezident kürsüsü ilə əvəz edən Sisini dəstəkləyənlərin sırası getdikcə azalır.

Son günlər iqtisadiyyatın daha da zəifləməsi və polisin Qahirədə nümayişçilərə zor tətbiq etməsi narazılığı daha da gücləndirib. Abdel Fattah əl-Sisinin yeritdiyi daxili siyasəti qəbul etməyən minlərlə misirli rejim əleyhinə şüarlar səsləndirməyə başlayıblar. Əl-Cəzirə kanalının yaydığı xəbərə görə vəziyyət o qədər dramatikləşib ki, 2011-ci idən başlayaraq Husni Mübarək hakimiyyətinin son günlərinədək dövriyyədə olan şüar: ” Biz səni istəmirik, get!” yenidən nümayişçilərin istifadəsinə qayıdıb və Sisiyə qarşı işlədilir.

Nümayiş əleyhinə 2013-cü ilin noyabrında qanun qəbul edildikdən sonra küçə çıxışları səngimişdi. Gözlənilirdi ki, insanlar daha əvvəlki vəziyyətə qayıtmaq istəmir və vəziyyətin sabitləşəcəyinə ümid bəsləyirlər. Amma aprelin 22-də baş verən protestlər göstərdi ki, kütləvi hərəkat hələ davam edir. 

Sisinin hakimiyyətə nəzarəti getdikcə itirməsi haqqında fikirlər artıq aparıcı informasiya vasitələrinə yol tapmaqdadır. Mövcud problemlərin aradan qaldırılması, insanların maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar istənilən effekti vermir və hətta bəzən hakimiyyətin əleyhinə işləyir. Səudiyyə Ərəbistanı iə yaxınlaşmanı buna misal göstərmək olar.

Sisinin  tarixən bu ölkəyə məxsus olan torpaqları qaytarmaq və əvəzində Misir iqtisadiyyatının inkişafını təmin edəcək investisiyanı əldə etmək sahəsində qəbul etdiyi qərar Misir xalqı tərəfindən heç də bir mənalı qarşılanmadı. Hakimiyyətə müxalif qüvvələr torpaqların qaytarılmasını Səudiyyə Ərəbistanı qarşısında boyun əymək kimi qiymətləndirdi və kütləni küçələrə çıxardı. Baxmayaraq ki, haqqında söhbət gedən Qırmızı Dənizdəki Tiran və Sanafir adaları 1950 –ci ildə Kral Farukun hakimiyyəti dövründə Səudiyyə Ərəbistanı Kralı Əbdül Əziz əl-Səudun xahişi ilə və İsraildən daha yaxşı müdafiə olunmaq məqsədi ilə Misirə verilmişdi.

© REUTERS / Amr Abdallah DalshNümayiş iştirakçıları hazırki prezidentin əleyhinə müxtəlif şüarlar səsləndirirlər
Nümayiş iştirakçıları hazırki prezidentin əleyhinə müxtəlif şüarlar səsləndirirlər - Sputnik Azərbaycan
Nümayiş iştirakçıları hazırki prezidentin əleyhinə müxtəlif şüarlar səsləndirirlər

Misirdə 3 il bundan əvvəl baş verən hadisələrin təkrarlanacağı haqqında proqnozlar da səslənməkdədir. Belə olan halda bu gün vəziyyətin əks istiqamətə dəyişməsinin səbəbləri hansılardır və dərin dövlətçilik tarixi və ənənələrinə malik Misir xalqı nədən hakimiyyət ətrafında birləşib sabitliyi bərqərar etmir? Gəlin səbəbləri araşdıraq:

  1. Sisidən əvvəlki, demokratik yolla seçilmiş prezident Mursinin devrilməsi ilə nəticələnən 30 iyun-3 iyul üsyanı beynəlxalq aləmdə olduğu kimi Misir xalqı tərəfindən də birmənalı qarşılanmadı. Mursinin devrilməsi və həbs edilməsini qəbul etməyən qüvvələr və onun tərəfdarları bu gün də yetərincədir və onlar yenə də ölkədən kənar qüvvələr tərəfindən istiqamətləndirilir. Azacıq narazılıq kütləvi iğtişaşlara qədər şişirdilir.
  2. Dünyada baş verən iqtisadi böhran, Suriyadan gələn qaçqın axını — daxilidə baş verən hadisələrlə birləşib insanların vəziyyətini daha daha da ağırlaşdırır. Ailələrinin minimum ərzaq və digər sosial tələbatını ödəyə bilməyən insanlar ən böyük günahı hakimiyyətdə görür.
  3. Barak Obamanın ərəb ölkələrinə münasibətdə əvvəlki ABŞ prezidentlərindən fərqli siyasət yeritməsi buradakı vəziyyətə müdaxiləni minimuma endirib. Uzun müddət ABŞ-nin diktəsi ilə xarici və daxili siyasət kursu aparan Misir indi müstəqil siyasət yeritməyin çətinliyini yaşayır.
  4. Başda Səudiyyə Ərəbistanı olmaqla körfəz ölkələri Sisini hakimiyyətə gətirməkdə daha fəal rol oynadılar, nəinki onun hakimiyyətini möhkəmləndirməkdə. Hakimiyyəti möhkəmləndirmək və iqtisadiyyatı sabitləşdirməyin çox bahalı oyun olduğunu hiss edən ərəb qonşular bu işdə tərəddüd etdilər və öz mənfəətlərini önə çəkməyə başladılar.
  5. Misir xalqı Körfəz ölkələrinin əvəzi ödənməklə təqdim etdiyi yardımı qəbul etməkdə psixoloji problemlər yaşayır. Rolların dəyişməsi-Misirin ərəb ölkələri arasında lider mövqeyini əldən verərək Səudiyyə Ərəbistanı simasında digər ərəb ölkəsinin siyasətinə uyğun hərəkət etməsi hələ müəyyən müddət narazılıq mənbəyi olacaq.
  6. Yaxın Şərqdə baş verən proseslər — Suriya, Yəməndə müharibə, qaçqın axını, İranın regiona yeni qüvvə ilə qayıtması Misirdə dolayısı yolla da olsa vəziyyəti stabilləşməsini əngəlləyir.

Sadaladıqlarımız təbii ki, Misirdə hadisələrin bu günkü səviyyəyə gəlib çatmasında ən ciddi səbəblər hesab olunur. Bu səbəblər ardan qaldırılmayınca Sisi Misirdə yaratmağı qarşısına məqsəd qoyduğu rejimi qura bilməyəcək.

Siyasi müşahidəçilər bu keçmiş generalın hakimiyyətinin artıq təhlükədə olması barədə həyəcan təbili çalırlar. O, Misirin yaralarını sağaltmağa çalışan sonuncu qurban missiyasına doğru irəliləyir. Hansı istiqamətə üz tutacağından asılı olmayaraq Sisi hakimiyyəti siyasi, iqtisadi və sosial problemləri aradan qaldırmaq iqtidarında deyil, çünki  2011-ci il Misir inqilabı qarşıya qoyduğu vəzifələri hələ yerinə yetirməyib və insanları küçəyə çıxaran tələblər cavabsız buraxılıb. Belə olan şəraitdə heç bir prezidentin uğur qazanması mümkün deyil.

Xəbər lenti
0