CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Azadlıq” qəzetinin rəhbərinə xəbərdarlıq edilib

© amerikanınsesiRahim Hacıyev - Azadlıq qəzetinin baş redaktor əvəzi
Rahim Hacıyev - Azadlıq qəzetinin baş redaktor əvəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Baş Prokurorluğu Rahim Hacıyevin idarəyə çağırılması barədə rəsmi məlumat yayıb.

BAKI, 6 may — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Azadlıq” qəzetinin 5 may 2016-cı il tarixli sayında dərc edilmiş “Qalmaqallı qətllə bağlı sensasion təfərrüatlar” sərlövhəli məqalədə həmin dövri mətbu nəşrin rəhbərliyi tərəfindən həqiqətə uyğun olmayan və ibtidai araşdırmanın maraqlarına zidd olan informasiyalar ictimailəşdirilməklə kütləvi informasiya vasitələrinin fəaıiyyətini tənzimləyən qanunvericilik aktlarının tələbləri kobud surətdə pozulub.

Belə ki, 25 iyun 2015-ci il tarixdə Bakı şəhər sakini Natəvan Əliyevanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan istintaq zamanı toplanmış sübutlarla cinayətin mərhumun keçmiş əri Samir Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən S.Əliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Həmin hadisə ilə əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ictimaiyyətə müvafiq açıqlama verilib.

Cinayət işi üzrə intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi və bu barədə ölkə ictimaiyyətinə məlumatlar verilməsinə baxmayaraq “Azadlıq” qəzeti tərəfindən təqsirləndirilən şəxs S.Əliyevin özünü müdafiə xarakteri daşıyan müraciəti əsasında onun guya cinayət işinin istintaqını aparan müstəntiqlə dialoqunun stenoqramının həqiqiliyi və əldə edilmə mənbəyinin qanuniliyi yoxlanılmadan, habelə istintaq orqanının münasibəti öyrənilmədən dərc edilməsi ibtidai araşdırma məlumatlarının yayılmasına, qətlə yetirilmiş N.Əliyevanın yaxın qohumlarının hüquq və mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla qanunvericiliyin müddəaları kobud surətdə pozulmuş, bununla da jurnalistika peşəsinə yaraşmayan mövqe nümayiş etdirilib.

Konkret faktlara əsaslanmamaqla, sensasiya yaratmaq naminə bu qərəzli məlumatların yayılması cinayətkarlığa qarşı mübarizə sahəsində respublikanın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmaqla, ictimai rəyi çaşdırmaq məqsədi güdür.

Qeyd edilənlərlə əlaqədar “Azadlıq” qəzetinin baş redaktorunun vəzifəsini icra edən baş redaktorun birinci müavini  Rahim Hacıyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu qəzetdə “İnformasiya  əldə  etmək haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” Qanunların müddəalarına əsasən cinayət işləri üzrə ibtidai istintaq yekunlaşmadan ibtidai araşdırmanın normal gedişinin və digər şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədlərinə zidd məlumatların yayılmasının yolverilməzliyi və gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Xəbər lenti
0