BAKI, 6 may — Sputnik. "Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixitrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama 3 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Kimsə narkomandır və biz də qəbul etmişik ki, narkomanlıq cinayət sayılmır. Yəni, bu, bir xəstəlikdir. Belə olan halda o, kimdənsə özünün şəxsi istehlakı üçün narkotik alır və aldığı maddə 0,1 qram artıq olur. İndi biz onu tutub göndərməliyik həbsxanaya ki, niyə sənin aldığın narkotik 0,1 qram artıq gəlib?".
Sputnik xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında deyib. O, bildirib ki, dünyanın hər yerində artıq narkomanlara qarşı, marixuanadan istifadəyə görə cinayət məsuliyyəti aradan qaldırılıb.
"Xüsusilə inkişaf etmiş ölkələrdə. Onlar başa düşürlər ki, qadağalar yolu ilə buna qarşı mübarizə aparmaq heç bir effekt vermir. Bunu leqallaşdırmaq lazımdır", — deputat vurğulayıb.
Həsənquliyevin fikrincə, narkomanları həbsxanaya doldurmağın heç bir xeyri yoxdur: "Dövlət də onların həbsxanada saxlanılması üçün böyük xərc çəkir. O insanlar məcburi müalicəyə göndərilməlidir".