Bu gün Qax rayonundakı Kürmük məbədində "Kürmük oba bayramı" və ya gürcülərin təbirincə desək, "Müqəddəs Georgi Günü" qeyd olunur. Sputnik-in bölgə müxbiri xəbər verir ki, bayram ildə iki dəfə — may və noyabr aylarında qeyd olunur.
Həmin gün məbəd, adi günlərdə olduğu kimi qapılarını hamının, eləcə də ölkədəki azsaylı və qonşu xalqların üzünə açır. Məbədə gələn insanlar burada Yaradana sitayiş və dua etməklə bərabər, məbədin ərazisindəki qədim daşın üzərinə arzu və istəklərini söyləyərək şam yandırırlar.
Bu daş — üstündə əvvəllər məbəd ucaldılmış qaya parçasıdır. Niyyəti hasil olan insanlar isə müqəddəs sayılan daşın yaxınlığında qurban kəsirlər.
Tarixçi Məcid Mehrani bildirir ki, bu ərazi Qafqaz Albaniyası dövründə ziyarətgah kimi tikilib. Məbədin tikilməsi, təxminən 1870-ci illərə təsadüf edir.
Ən maraqlısı odur ki, bu məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə öz arzularının yerinə yetirilməsi üçün hərə öz dilində Allaha dualar edir.
Burada maraqlı cəhətlərdən biri də odur ki, xristian zəvvarlar da İslam dininin haram buyurduğu donuz ətindən imtina edirlər. Müqəddəs günü qeyd etməyə gələn gürcülər, həmin günü müqəddəs Georqun doğum günü kimi izah etməyə çalışırlar.
Lakin tarixçi bu fikrin yanlış olduğunu söyləyir: "Əgər bu bayram doğrudan da gürcülərin dediyi kimi "Müqəddəs Georgi Günü" kimi qeyd olunursa, bəs niyə Gürcüstanda bu bayram qeyd olunmur?".