BAKI, 6 may — Sputnik. "Prezident Rəcəb Tayyib Ərdoğanla Baş nazir Əhməd Davudoğlu arasında uzun müddətdir, bəzi mövzularda fikir ayrılığı var idi". Bunu Sputnik-ə açıqlamasında Türkiyənin Strateji Baxış İnstitutunun (SBİ) rəhbəri Yusuf Çınar deyib.
Onun fikrincə, Ərdoğan Davudoğludan vəzifədən getməsini tələb edib, baş nazir də razılaşıb: "Hazırda Davudoğlunun yerinə namizəd isimlər gündəmə gəlir. Bunlar ədliyyə naziri Bəkir Bozdağ, nəqliyyat naziri Binəli Yıldırım, enerji naziri Berat Albayrak, Baş nazirin müavini Numan Kurtulmuşdur", — deyə politoloq əlavə edib.
Çınar bu məsələ ətrafında 2-3 gündür Türkiyədə yaşanan siyasi böhranı ölkə üçün vaxt itkisi hesab edir: "Düşünürəm ki, Davudoğlunun vəzifədən getməsi, AKP-də sədr seçiminin başladılması prosesi Türkiyə üçün vaxt itkisidir. Çünki Türkiyədə parlament seçkiləri 7 ay əvvəl olmuşdu. Seçkilərdə AKP 2019-cu ilə qədər seçkilər olmayacağı səbəbilə sabit bir prosesin başlayacağını vəd etmişdi".
"İndi isə seçkilərdən cəmi 7 ay keçib. Baş nazir və AKP sədrinin dəyişdirilməsi prosesi gedir. Türkiyə daxili problemləri ilə böyük vaxt itirir. Yeni sədr seçildikdən sonra AKP müddəti yaxşı idarə edəcəkmi? Bilmirəm. Bəlkə erkən seçim də yaşana bilər. Çünki hazırda Türkiyənin qarşısında Suriya böhranı, Rusiya böhranı, PKK problemi dayanır", — siyasi şərhçi vurğulayıb.
Türkiyədə yaşayan azərbaycanlı politoloq, Türkiyənin TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti Toğrul İsmayıl isə, Davudoğlunun istefasından sonra Türkiyə gündəmi və siyasətində ciddi bir dəyişiklik olacağını zənn etmir. "Davudoğlunun baş nazirlikdən getməsindən sonra ölkədə ciddi problem yaşanacağını düşünmürəm. Çünki bu, iqtidardaxili bir məsələdir", — deyə Sputnik-ə açıqlamasında politoloq bildirib.
T. İsmayılın dediyinə görə, bəzi məsələlərdə Ərdoğanla Davudoğlunun düşüncələri üst-üstə düşmürdü: "Ona görə də prezident üsul-idarəsinə keçid mərhələsində, Ərdoğan üçün daha uyğun namizədə ehtiyac var idi".
Politoloq, yeni AKP sədri və ölkənin baş nazirinin kim olacağı ilə bağlı sualı isə belə cavablandırıb: "Bununla bağlı fərqli versiyalar səslənməkdədir. Bir neçə şəxsin adı hallanır. Konkret kimin olacağını deyə bilmərəm. Amma onu deyə bilərəm ki, Ərdoğanla fikirləri üst-üstə düşən namizəd seçiləcək".
Xatırladaq ki, dünən vida çıxış edən baş nazir Əhməd Davudoğlu istefasının səbəbləri belə izah edib: "Hər kəs bilsin ki, vəzifədən getməyimə səbəb uğursuzluq və ya peşmanlıq deyil. Sadəcə olaraq, partiyam daxilinə fitnə girməməsi üçün bu qərarı verdim və bunu doğru hesab edirəm".
O, ürəyində heç kimə qarşı kin olmadığını, qərarı özünün öz istəyi ilə verdiyini də bildirib: "Seçicilərə verdiyim bütün sözlərimi tutdum. Millətim buna şahiddir. Bilin ki, ürəyimdə sevgidən başqa heç kimə bir kinim yoxdur".