BAKI, 6 may — Sputnik. Milli Məclisin plenar iclasında millət vəkili Siyavuş Novruzov çıxış edərək Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv edilməsi və ya müddətinin uzadılmasını təklif edib. Sputnik-in xəbərinə görə, o, qeyd edib ki, son dövrlərdə baş verən hadisələrdə Türkiyə hərbi və digər sahələrdə ölkəmizə dəstək verib.
"Hazırki şəraitdə viza rejiminin ləğv olunması və ya müddətinin uzadılması vacib olan amillərdəndir. Xüsusilə Naxçıvanı qeyd etmək istəyirəm. Oradan Türkiyəyə işləməyə gedənlər var. Naxçıvan blokadada olan ərazidir. Naxçıvandan Türkiyəyə işləməyə gedənlər məcburdurlar ki, üç aydan bir sərhədi keçsinlər. O zaman onların qazandıqları yol puluna gedəcək", — S. Novruzov bildirib.
Deputat Gürcüstanın Türkiyə ilə viza rejimini ləğv etdiyini xatırladıb: "Azərbaycanın bütün ərazisində olmasa da, Naxçıvanda viza ya ləğv olunmalı, ya da bir il müddətinə uzadılmalıdır. Türkiyədən iş adamları Azərbaycana gəlib iş görür və yaxud əksinə. Türkiyədə dərs deyən müəllimlər var, onların işlərinin yüngülləşdirilməsi üçün bu addımları atmalıyıq".