BAKI, 6 may — Sputnik. "Azərbaycanda fəaliyyət göstərən bəzi xarici şirkətlərin 50-60 işçisi olduğu halda, müavin vəzifəsini icra edən 12-14 nəfər olur, bu da bizi narahat edir". Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev deyib.
O bildirib ki, DMX şirkətlərdə müdir müavinləri vəzifələrinin 3-4-ə endirilməsini təklif edib: "Bir neçə il bundan əvvəl BP şirkəti və SOCAR arasında imzalanmış müqaviləyə əsasən, azərbaycanlı mütəxəssislər hazırlanır ki, hazırda bu sektorda çalışan əcnəbilərin sayı 10 faizə enib. Bu istiqamətdə iş aparılmalı, azərbaycanlı mütəxəssislər hazırlanmalıdır".
Xidmət rəisinin sözlərinə görə, digər tərəfdən, ixtisara düşmüş Azərbaycan vətəndaşlarının yerinə əcnəbilər təyin olunur: "Bu hal da bizi narahat edir, belə hallara yol vermək olmaz. Bizim məqsədimiz odur ki, ilk növbədə Azərbaycan vətəndaşları işlə təmin olunsunlar. Azərbaycan vətəndaşları Azərbaycan iqtisadiyyatından bəhrələnməlidirlər".
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı Sputnik-ə açıqlamasında, qeyd olunan problemin yaranmasında rəsmi qurumların da günahı olduğunu deyib: "2015-ci ilin yayından mütəmadi olaraq şəxsi "Facebook" səhifəmdə, mətbuat vasitəsilə Dövlət Miqrasiya Xidmətinə müraciət edib deyirəm ki, Sinqapurdan, Pakistandan, Hindistandan gələn xariciləri ölkəyə kim gətirib? Onlar hansı yollarla gəlirlər? Buraxmasınlar, onlar da gəlməsinlər. Hansı əsasla ölkəyə işçi gətirilir?".
M. Qəhrəmanlı bir ara çinlilərin ölkəyə axışdığını da xatırladıb: "Şəkidə Çindən gələn bir əcnəbi o qədər alver etmişdi ki, artıq Şəki ləhçəsi ilə Azərbaycan dilində danışırdı. Ölkədə iş yerləri çatışmadığı halda, biz niyə başqa ölkələrin problemini həll etməliyik? Biz niyə Sinqapurun, Pakistanın, Banqladeşin, Hindistanın işsizlik problemini həll etməliyik?".
"Burada işləyən əcnəbilərin vergi ödənişlərini də yoxlamaq lazımdır. Yoxlamalar aparılmalıdır ki, eyni vəzifədə azərbaycanlı da xarici də işləyirmi. Nəyə görə xarici burada əmək haqqını 4-5 qat artıq alır, azərbaycanlı isə az alır? Bunların hamısı bizim büdcədən gedir", — təşkilat rəhbəri bildirib.
Onun sözlərinə görə, müvafiq qurumlar bununla maraqlanmalıdır: "İşsizliyin yaranmasının səbəblərindən biri də məhz xaricdən işçilərin Azərbaycana gətirilməsidir".
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov da əcnəbilərin Azərbaycan kütləvi işə alınmasından narahatdır. "Xaricilər burada işə cəlb olunurlar, həm də iş icazəsi almadan. Bu, bizi də narahat edir", — deyə, Sputnik-ə açıqlamasında bildirib.
Məmmədovun sözlərinə görə, əcnəbilər ucuz işçi qüvvəsi kimi gətirilir və burada əmək müqaviləsi olmadan işə cəlb olunurlar: "Yerli işçilər də çox zaman işsiz qalırlar. Təəssüf ki, bu praktika var. Amma bunun qarşısını almaq üçün ciddi tədbirlər görülmür".
O, qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi hazırda müəssisələrdə yoxlama aparmaqda çətinlik çəkir: "Bilirsiniz ki, sahibkarlıq subyektlərini, müəssisələri yoxlamağa qadağa qoyulub. Əslində, bundan əvvəl də effektli yoxlamalar olmurdu".