BAKI, 5 may — Sputnik. "Dağlıq Qarabağın "müstəqilliyi"nin tanınması ilə bağlı Ermənistan dövlətinin müxtəlif dövrlərdə parlamentin gündəminə çıxardığı bu məsələnin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur".
Bunu Sputnik-ə açıqlamasında millət vəkili Zahid Oruc deyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Ermənistan DQR-in müstəqilliyini heç vaxt tanımayacaq" bəyanatını şərh edən millət vəkili bildirib ki, erməni rəhbərliyinin bu günə qədər DQR-i tanımamasının başlıca səbəbi onun zərbəsini ağır yaşayacaqları ilə bağlıdır.
"Rusiya tərəfdən, Sergey Lavrovun dili ilə belə bir ötkəm, əmin-arxayın bəyanatın verilməsinin iki səbəbi var: Birincisi, Moskvada yaxşı bilirlər ki, bu, açıq-aşkar Azərbaycana imkan verəcək ki, gələcək dövrdə bütün məsuliyyəti Ermənistan dövlətinin üzərinə qoysun. Çünki bu, avtomatik olaraq Azərbaycana qarşı ərazi iddiası demək olacaq", — deyə millət vəkili bildirib.
Onun sözlərinə görə, məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, onsuz da Azərbaycan Qarabağla müharibə aparmır: "Belə olan halda birbaşa Ermənistanla müharibə vəziyyəti meydana çıxmış olur. Ona görə də hesab edirəm ki, Lavrov tərəfindən belə bir mövqe sərgilənməsi ona işarədir ki, ermənilər onsuz da bu məsələlərdə heç vaxt müstəqil qərar verəcək tərəf deyillər".
Z. Oruc Ermənistan rəhbərliyinin nə üçün indiyədək Dağlıq Qarabağ ermənilərinin müstəqilliyini tanımadığının başqa səbəblərini də qeyd edib: "İş orasıdır ki, istənilən dövlət başqa bir ölkəni diplomatik tanıma qərarı verəndə, mütləq hansı ərazidə, hansı siyasi quruluşda dövləti tanıdığını bildirməlidir. İndiki gerçəklikdə Dağlıq Qarabağı tanımaq mövqeyini tutan Ermənistan, bununla da Azərbaycanın digər 7 rayonunu işğal etdiyini təsdiqləmiş olur. Məsələnin ən mühüm özəyi burdadır".
"İkinci tərəfdən həmin işğal reallığına görə, Dağlıq Qarabağ ermənilərinin nə Ermənistanla, nə də dünya ilə coğrafi əlaqəsi yoxdur. Ona görə də illərlə bu məsələni hansısa partiya iddialarının səviyyəsindən yuxarıya qaldıra bilməyiblər. Yoxsa Ermənistan bunu 1995-ci ildən bu yana edərdi", — deputat vurğulayıb.
Millət vəkili sonda əlavə edib ki, Ermənistanın xarici və daxili siyasəti, iqtisadi-sosial həyatı da bəlli mərkəzdən idarə olunur: "Elə bu səbəbdəndir ki, gördüyünüz kimi, ermənilərin içərisində böyük hərəkatlar və aksiyalar başladılıb ki, yüz illik Rusiya işğalına son qoyulsun və NATO-nun, Qərbin müttəfiqi olmalarına dair təhlillər, müxtəlif proseslər meydana çıxsın".
Mövzuya politoloq Qabil Hüseynli də münasibət bildirib. O, Sputnik-ə açıqlamasında, Lavrovun bəyanatının yerində və vaxtında söylənilmiş bir mesaj olduğunu diqqətə çatdırıb: "Sergey Lavrov ilk növbədə Azərbaycandakı həyəcanı yatırmaq üçün bu fikri söyləyib. Onun söylədikləri çox yerində və vaxtında söylənilmiş bir mesajdır".
Siyasi şərhçi güman edir ki, Lavrovun mesajı həm də Ermənistanın siyasi rəhbərliyinə yönəlibdir: "O, bununla iki deputatın təşəbbüsü ilə parlamentə çıxarılmış qərarın yanlış olacağını, bölgədə münasibətləri gərginləşdirəcəyini ermənilərin nəzərinə çatdırmaq istəyir".
"Həmçinin, Lavrovun bəyanatından belə bir əminlik hasil edilir ki, ümumiyyətlə Ermənistan DQ-ni tanımayacaq. Mən deyərdim ki, bu bəyanat səslənən andan xeyli pozitiv rol oynadı", — politoloq vurğulayıb.