O, bildirib ki, Dövlət Statistika Komitəsinin (DSK) son açıqlamasına görə, bu ilin birinci rübündə tikinti sektorunda məhsul və xidmətlər istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Belə ki, 2016-cı ilin yanvar-mart aylarında əsas kapitala 2,88 milyard manat məbləğində vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz azdır.
"Müşahidələr və təhlillər göstərir ki, tikintidəki tənəzzülün əsas səbəbi təkrar maliyyələşmə fazasının zəifləməsi, bank sektorunda kapital qıtlığının yaranması və dövlət sifarişlərinin kəskin azalmasıdır. Rəsmi məlumatlara görə, məhdudlaşdılmış fiskal siyasət nəticəsində daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,3 faizini təşkil edib. Halbuki, ötən ilin eyni dövründə müvafiq göstərici indikindən 2 dəfə çox idi", — iqtisadçı vurğulayıb.
Q. İbadoğlunun yazdığına görə, hazırkı şəraitdə inşaat sektorunda müşahidə olunan durğunluq tikinti materialları və inşaat texnikası bazarlarına da əhəmiyyətli dərəcədə mənfi təsir göstərməkdədir: "Tamamlayıcı və əlavə aksesuarlar, eləcə də mebel sənayesi, hətta pərdə-tül istehsalı da inşaat sektorundakı böhranın əsas qurbanlarından sayıla bilər".
İqtisadçı onu da bildirib ki, tikintidəki böhranın mənfi nəticələrindən biri inşaat bölməsində mövcud iş yerlərinin sürətlə bağlanmasıdır. Onun sözlərinə görə, təhlillər son 1 il ərzində ən böyük işçi ixtisarının tikinti sektorunda qeydə alındığını göstərir. Mütəxəssisin yazdığına görə, bunun isə başlıca səbəblərindən biri dövlət büdcəsindən investisiya xərclərinin maliyyələşdirilməsinin məhdudlaşdırılması və ölkədə ümumi iqtisadi durğunluğun mövcudluğudur.
"Hazırda daha çox regionlarda və hətta Bakı şəhərində də tikinti işlərinin əksəriyyəti dayanıb, işçilər öz hesablarına məzuniyyətə buraxılıb. Odur ki, inşaat sektorda hər hansı bir müsbət dəyişikliklər baş verməzsə, bu, işgüzar fəallığa və işziliyə ciddi şəkildə mənfi təsirlərini göstərəcək", — İbadoğlu fikrini yekunlaşdırıb.
İqtisadçı ekspert Natiq Cəfərli isə Sputnik-ə açıqlamasında bildirib ki, tikinti sahəsindəki durğunluğun iki əsas səbəbi var: "Keçən ildən üzü bəri tikinti sektorunda baş verən tənəzzülün və durğunluğun iki əsas səbəbi var. Birinci səbəb odur ki, dövlət investisiya layihələrində azalmalar müşahidə olundu. Hökümət özü bu qərarı verdi, büdcə profisitlə tamamlandı, yəni qənaət rejiminə keçirildi. Bu, tikinti sahəsinə ciddi təsir göstərdi".
"İkinci səbəb isə Azərbaycanın mənzil bazarında, əsasən mənzil tikintisində, yeni tikililərdə xaricdən, əsasən də Rusiyadan gələn vəsait çox önəmli rol oynayır. İnsanların iş yerlərinin və gəlirlərinin azalması tikinti sahəsində tənəzzülün dərinləşməsinə səbəb oldu", — ekspert N. Cəfərli əlavə edib.
Onun sözlərinə görə, dövlət dəstəyi olmasa, tikinti sahəsində canlanma olmayacaq: "Hökümət bəzi addımlar atdı. Fevral ayında büdcəyə edilən dəyişikliklərə görə, 2 milyard əlavə xərcləmələr nəzərdə tutulub ki, bunun da böyük bir hissəsinin təmir-tikinti sahəsində olması gözlənilir. İpoteka Fonduna əlavə 200 milyon manatın ayrılması da nəzərdə tutulub. Bu iki faktor tukunti bazarının canlanmasına müəyyən qədər təsir edə bilər".
"Bundan başqa, Nazirlər Kabinetinin yeni sərəncamı oldu — Bakı şəhərinin doqquz rayonunda köhnə və qəzalı vəziyyətdə olan tikililərin yenilənməsi lahiyəsi təstiq olundu. Dövlətin dəstəyi olmadan bu sahədə canlanmanın yaranması indi imkansızdır. Qərarlar var, amma onların həyata keçirilmə mexanizmləri olmadığından tikinti bazarında durğunluq davam edir", — deyə Cəfərli vurğulayıb.
Ekspertlərin yekdil mövqeyi isə ondan ibarətdir ki, son aylarda Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması yaxşı təşəbbüs olsa da, bir az gecikib. Onlar hesab edirlər ki, bu agentliyin fəaliyyət konsepsiyası mənzil problemlərinin sosial həlli üzərində köklənsə də, hələ bu sahədə əhəmiyyətli dəyişikliklərə imza atılmayıb.