BAKI, 4 may- Sputnik. Bu gün Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) 25 yaşının tamam olması ilə əlaqədar tədbir keçirilib. Tədbir Qarabağ cəbhəsində şəhid olan hərbçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanın müstəqillik əldə etməsindən sonra, mətbəximizdə də özünü dərketmə prosesinin başladığını qeyd edib: "Azərbaycan mədəniyyəti bəşər mədəniyyətinin ayrılmaz xəzinəsinə çevrilib. Burada çox amillər var. UNESCO-nun maddi və qeyri-maddi irs siyahısına daxil olmuş nümunələrimiz, müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyət günləri ilə zənginləşən mənzərə, həmçinin cənab Prezident tərəfindən bu sahəyə göstərilən diqqət göz qabağındadır. Kulinariya da məhz mədəniyyətin əsas hissələrindən biridir".
Nazir onu da qeyd edib ki, qonşularımız tərəfindən nəinki torpaqlarımıza, hətta mətbəximizə də təcavüz edərək milli yeməklərimizi oğurlayırlar: "Bunları nəzərə alaraq milli yeməklərimizi UNESCO-ya daxil etməyə çalışırıq. Son illərdə milli yeməyimiz olan dolmanı bişirmə ənənələrini qorumaq üçün UNESCO-nun milli yeməklər siyahısına salınması üçün işlər aparırıq".
Sonda Ə. Qarayev prezident İlham Əliyevin təbriklərini kulinarlara çatdırıb. Nazir dövlət başçısının 21 aprel 2016-cı il sərəncamını səsləndirib və sərəncama əsasən, Azərbaycan milli mətbəxinin fəaliyyətində səmərəli işlərinə görə Əliyev Oruc Nağı oğlu və Əmiraslanov Tahir İdris oğlunun əməkdar mədəniyyət işçisi adına layiq görüldüyünü bildirib, onlara diplom və fəxri fərmanları təqdim edib.
Eyni zamanda bir neçə kulinar Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplom və sertifikatları ilə təltif olunub. AMKM-in rəhbəri Tahir Əmiraslanov çıxış edərək, 25 ildə kulinariya mərkəzinin inkişafında əməyi olan hər kəsə təşəkkürünü bildirib və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təbrik məktubunu səsləndirib.
"Milli Kulinariya Təşkilatından, 88 üzv ölkədən, müxtəlif kulinariya assosiasiyalarından, bir çox ölkələrin universitet və akademiyalarından, bir çox alimlərdən çoxsaylı təbriklər daxil olub. Biz də hər kəsə öz təşəkkürümüzü bildiririk", — Əmiraslanov deyib.
Tədbirdə, eyni zamanda Azərbaycanda olan diplomatik nümayəndəliklərin, nazirliklərin nümayəndələri, ictimai-siyasi və mədəniyyət xadimləri iştirak ediblər.