"Amma, Türkiyə hələ də Avropa İttifaqının meyarlarına cavab verməlidir. Aİ qorxur ki, viza sazişi alınmasa, bu, Türkiyənin miqrantlara görə öhdəliyinə xitam verilməsi ilə nəticələnə bilər" — deyə o qeyd edib.
Bəs, görəsən hazırda miqrant böhranı yaşayan Avropa İttifaqının Türkiyəyə vizasız rejim tətbiq etməsi Türkiyə ilə Aİ arasında münasibətlərə necə təsir edəcək? Politoloq Şahin Cəfərli hesab edir ki, Türkiyəyə viza sərbəstliyi tətbiq olunması Türkiyə ilə Avropa Birliyi arasında mart ayında əldə olunan razılaşmanın nəticəsidir.
"Həmin razılaşma Avropadakı miqrasiya böhranı ilə əlaqədar əldə olunmuşdu. Avropa Birliyinə kütləvi miqrant axını AB daxilində çox ciddi böhrana səbəb olmuşdu. Bunun nəticəsində AB rəhbərliyi həmin miqrant axınını dayandırmaq üçün Türkiyə ilə anlaşmaya getməyə bir növ məcbur oldu", —deyə siyasi şərhçi Sputnik-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu anlaşma çərçivəsində Türkiyə tərəfi də AB-dən müəyyən güzəştlər qopara bildi: "Həmin güzəştlərin də ən mühümü Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvindən ibarət idi. Bunun üçün Avropa tərəfi 72 şərt irəli sürüb ki, Türkiyə bunları yerinə yetirməlidir. Hələlik Türkiyə bu şərtlərin heç də hamısını yerinə yetirməyib. Təxminən yarısı yerinə yetirilib. Lakin, yaxın müddətdə şərtlərin hamısının yerinə yetiriləcəyi gözlənilir".
Politoloqun fikrincə, vizasız rejimin tətbiqi Türkiyə ilə AB münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq. O, ehtimal edir ki, bu mərhələ çərçivəsində Türkiyənin Avropa Birliyinə qəbulu prossesi sürətlənəcək.
"Türkiyənin AB-yə üzvlüyü prossesi əslində uzun müddətdir ki, davam edir. Bu proses 1963-cü ildə başlayıb. Türkiyəyə rəsmi namizəd statusu isə 1999-cu ildə verilib. Lakin, Türkiyənin üzvlük prosesi heç də hamar getməyib. Proses boyunca çox ciddi problemlər ortaya çıxıb ki, Avropa Birliyinə üzvlük məsələləri ötən illərdə ciddi problemlərlə müşayət olunur", — Ş. Cəfərli qeyd edib.
Onun bildirdiyinə görə, o zaman Türkiyənin üzvlük prossesi avropalılar tərəfindən dayandırılmışdı: "Anlaşmanın digər mühüm tərəfi ondan ibarətdir ki, artıq Türkiyənin üzvlüyü üçün müzakirə prosesi yenidən bərpa olunacaq".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu da düşünür ki, AB — Türkiyə münasibətlərindəki viza problemi həllini tapandan sonra inteqrasiyanın sürətlənməsi prosesi başlayacaq: "Hesab edirəm ki, viza məsələsi müsbət həll olunsa, yay aylarında AB Türkiyə vətəndaşları üçün viza tətbiqini ortadan qaldırsa, bu, münasibətlərdə yeni bir səhifənin açılması demək olacaq. Bu isə gələcəkdə Türkiyənin birliyə üzvlüyü prosesini də sürətləndirə bilər".
"Doğrudur, AB-nin öz spektrləri var. Onlar qeyd edirlər ki, Türkiyə uzun müddət AB-yə üzv ola bilməz. Amma bu, onların istəklərindən asılı deyil. Proses gedir. Miqrant məsələsində AB-nin Türkiyəyə ehtiyacı var. Bunun qarşılığında isə Türkiyənin AB-dən istəkləri var", — E. Şahinoğlu vurğulayıb.
Politoloq miqrant probleminin həllindən sonra AB-nin yenidən Türkiyəyə viza tətbiq etmə ehtimalı olmadığı düşüncəsindədir: "Miqrantların sayı onsuz da çoxdur, bunlar tədricən Türkiyəyə göndərilməlidir. Əgər AB viza məsələsində prosesi dayandırsa, onda Türkiyə də həmin miqrantları qəbul etməyəcək. Bu, qarşılıqlı proses olduğuna görə, düşünürəm ki, AB verdiyi vədi yerinə yetirmək məcburiyyətindədir".
Təhlilçinin fikrincə, bunun üçün Türkiyə qanunvericiliyində bəzi texniki dəyişikliklər olmalıdır: "Bu dəyişikliklər də məncə, sürətlə olacaq. Ona görə, bu, mümkün deyil ki, Türkiyə üzərinə düşən öhdəliyi yerinə yetirsin, Avropa yetirməsin. O anda Türkiyə öz öhdəliklərini də saxlayacaq. Düşünürəm ki, hər iki tərəfdə qarşılıqlı öhdəliklər olduğuna görə üzərlərinə düşəni etmək məcburiyyətindədirlər".
Qeyd edək ki, Aİ və Türkiyə arasında imzalanmış sazişdə deyilir ki, vizanın iyunun sonunadək ləğv edilməsi üçün Ankara mayın 4-nə qədər 72 şərti yerinə yetirməlidir.