SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dövlətçiliyin əsasını mənfəət və gücdə görən mütəfəkkir

Abunə olmaq
Makiavellizm cərəyanının əsasını qoymuş şəxs 548 il əvvəl İtaliyanın Florensiya şəhərində anadan olub.

BAKI, 3 may — Sputnik. Görkəmli italyan filosofu və yazıçısı Nikkolo Makiavelli 1469-cu il mayın 3-də Florensiyada anadan olub.

Makiavellinin "Hökmdar" əsərində Aristoteldən başlayaraq siyasi ədəbiyyatda hakim yer tutan "siyasətin əsasında ədalət və əxlaq dayanır" fikri təkzib olunub. Bu, həm Makiavellinin, həm onun əsərinin tarixə düşməsində əsas amil rolunu oynayıb.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Nikkolo Makiavelli 1469-cu il may ayının 3-də İtaliyanın Florensiya şəhərində, hüquqşünas ailəsində anadan olub. İtaliyada humanizm hərəkatının yol açdığı təhsil proqramına uyğun olaraq, qrammatika, ritorika, Latın dili və mədəniyyəti təhsili alıb. O zamanlar Florensiyanın yunan mədəniyyətinin Avropadakı mərkəzi hesap edilməsinə baxmayaraq, Makiavelli yunanca bilmirdi. Atasından qalan mülk işləmədən yaşamasına yetmədiyi üçün, o işləmək məcburiyyətində qalır. 1484-cü ildə Makiavelli katib və səfir kimi Florensiya hökumət xidmətinə daxil olmuşdu. 1494-cü ildə Florensiyanı 60 il idarə edən Mediçi ailəsi devrilirək sürgünə göndərilir və Florensiyada respublika üsul idarəsi qurulur. Daha sonra Makiavelli hərbi işlər üzrə diplomatik konsul vəzifəsinə təyin edilir. 1499 və 1512-ci illər arasında Araqon kralı II Ferdinand (İspaniya), XII Lüdovik (Fransa) və Romada Papalıq (İtaliya) saraylarında diplomatik missiyalarda xidmət edir.

1503-1506-ci illərdə Makiavelli Florensiya milisinə görə məsuliyyət daşıyırdı (şəhərin müdafiəsi də daxil olmaqla). 1512-ci ilin avqustunda, Roma papası II Yuliusun köməyi ilə ispan qoşunundan istifadə edərək Mediçi Florensiyada hakimiyyəti geri qaytarır. Piero Soderini Florensiya dövlət başçısı istefa verir və sürgünə göndərilir. Florensiya Respublikası ləğv edilir. 1513-cü ildə Makiavelli sui-qəsddə ittiham edilərək həbs olunur və işgəncələrə baxmayaraq, o sui-qəsddə iştirakını inkar edir. X Leon hakimiyyətə gələndən sonra o azad edilsə də, artıq gözdən düşmüşdü. Bundan sonra ona Florensiyanın 7 km cənubunda yerləşən Santa-Andreadakı malikanəsində yaşamağa icazə verilir.

1520-ci ildə əfv edilən Makiavelli Florensiyanın rəhbərləri tərəfindən elə də əhəmiyyətli olmayan vəzifələrə təyin edilir. 1527-ci ilin mayında Florensiyada yenidən respublika üsul idarəsi qurulur. Amma bu dəfə də Mediçilərin adamı olaraq tanınan Makiavelliyə yeni iqtidar etimad göstərmir.

Makiavelli 21 iyul 1527-ci ildə Florensiyada vəfat edib.

Makiavellinin sonradan siyasi düşüncəyə böyük təsir göstərmiş fikirləri "Hökmdar" əsərində əks olunub. O, əsərində dövlətçiliyi möhkəmlətmək üçün güc və mənfəət amilinin əsas rol oynadığını iddia edib. Onun dünyagörüşünü paylaşanlar sonradan "makiavellizm" cərəyanını yaradıblar.

Xəbər lenti
0