Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanda yeni bahalaşma gözlənilir

© Sputnik / Murad OrujovElektron Gömrük xidmətlərindən istifadə edən vətəndaş
Elektron Gömrük xidmətlərindən istifadə edən vətəndaş - Sputnik Azərbaycan
Abunə olmaq
Gömrükdə elektron bəyannamə sisteminə keçilməsi müsbət qarşılanır. Bununla belə, bəzi ekspertlərin dəyərləndirməsinə görə, yeni sistemin tətbiqi iş adamlarının ödədiyi vəsaitin artmasına səbəb olacaq.

BAKI, 3 may — Sputnik. "Elektron bəyannamə sisteminin əsas məqsədi insan amili iştirakının azaldılmasıdır. Yəni, bəyannamə edirsinizsə, birbaşa gömrük məmuru ilə üzbəüz oturaraq etməyəcəksiniz. Bunu kompüter vasitəsilə həyata keçirəcəksiniz. Bu, insan amilini azaldır və ola biləcək bəzi neqativ halların qarşısını ala bilər". 

© Photo : UNECAnar Rzayev
Anar Rzayev - Sputnik Azərbaycan
Anar Rzayev

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev Sputnik-ə açıqlamasında deyib. Onun sözlərinə görə, ikinci məsələ ondan ibarətdir ki, elektron bəyannamə prosesi sürətləndirə bilir.

"Çünki, məmur ilə bəyannamə edirsinizsə, bu adam bir insanı qəbul edə bilir. Amma kompüter vasitəsilə daha sürətlə bunu etmək olar. 100 nəfər eyni zamanda bunu həyata keçirə bilir. Nəticədə bəyannamələrin sürətlənməsi mal dövriyyəsinin sürətlənməsinə də yardım edir", — ekspert bildirib.

A. Rzayev qeyd edib ki, burada eyni zamanda, nəqliyyat vasitələri daha sürətlə boşaldıla, buraxıla bilər: "Daha sürətlə boşaldılan, buraxılan nəqliyyat vasitəsi daha aşağı tariflərlə daşımaları həyata keçirə bilir. Bu da malların qiymətinə müəyyən qədər təsir göstərə bilər".

"Düşünürəm ki, bu proses dövlət büdcəsinə müəyyən qədər, vasitəli şəkildə də olsa, müsbət təsir göstərə bilər. Mühüm məsələ odur ki, şəffaflaşma gedir",- o, əlavə edib.

İqtisadçı-ekspert Natiq Cəfərli də malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin elektron bəyanetmə sistemi vasitəsilə həyata keçirilməsini müsbət addım hesab edir. "Sadəcə Azərbaycanda yaşanan problemlərin kökündə tək elektron bəyannamə məsələsi dayanmırdı. Təsəvvür etsək ki, rəsmiləşdirilmə tamamilə həyata keçiriləcək və ölkəyə gətirilən bütün məhsulların gömrük rüsumları son qəpiyinə qədər ödəniləcək, o zaman bu, müsbət haldır. Yəni, büdcəyə daxilolmalar artacaq", — deyə iqtisadçı Sputnik-ə şərhində bildirib.

Bununla belə, onun sözlərinə görə, bu həm də iş adamlarının ödədiyi vəsaitin artmasına səbəb olacaq: "Onlar da qiymətləri qaldırmağa çalışacaqlar. Bu addımdan öncə hökumət yaxşı olardı ki, məsələn, gömrük rüsumlarında müəyyən endirimlərə gedərdi. Gömrük rüsumlarında tətbiq olunan 0-15 faizədək olan böyük bir koridor var. Və bu koridorun hansı səviyyədə tətbiq olunmasına yenə gömrük işçiləri özləri qərar verirlər".

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

"Bu qaydalarda da dəyişiklik olunmadır. İş adamları konkret bilməlidirlər ki, hansı malı gətirdikdə neçə faiz ödəməlidirlər. Yəni, koridor bu qədər geniş olmamalıdır. Ümumiyytələ, bu 15 faizlik maksimal həddin özü də aşağı çəkilməlidir. Çünki, Azərbaycanda bir çox məhsullar var ki, onların burada istehsal edilmir. Məsələn, dərman preparatlarının istehsalı yoxdur. Amma ölkəyə gətirilən dərman preparatlarına gömrük rüsumu tətbiq edilir. Bu da qiymətlərin bahalaşmasına səbəb olur. Ona görə də şəffaflıqla yanaşı, gömrük rüsumlarında 0-15 faiz arası kolidor konkretləşməlidir", — N. Cəfərli əlavə edib.

Ekspert deyib ki, bir çox məhsullar üzrə maksimal hədd aşağı çəkilməlidir: "Bir çox ölkələrdə belə bir təcrübə var. Məsələn, ərəb ölkələrində, Dubayda gətirilən mallara, növündən asılı olmayaraq cəmi 5 faiz gömrük rüsumu və vergi tətbiq olunur. Azərbaycanda istehsal olunmayan məhsulların qiyməti kifayət qədər yüksəkdir. Əsas səbəblərdən biri gömrük rüsumlarının, vergilərin yuxarı olmasıdır. Həm gömrük rüsumlarında, həm vergilərdə müəyyən endirimlərə getmək lazımdır".

Qeyd edək ki, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi 2016-cı il 4 may tarixdən etibarən elektron bəyanetmə sistemi vasitəsilə həyata keçiriləcək. Məqsəd gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılmasıdır.

Xəbər lenti
0