BAKI, 2 may — Sputnik. Səbail Rayon Məhkəməsində Natiq Kərimov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimata baxılıb.
Sputnik Modern.az saytına istinadən xəbər verir ki, təqdimata əsasən N.Kərimov barəsində seçilmiş ev dustaqlığı 3 ay müddətinə uzadılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, bununla əlaqədar N. Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı ildə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.