BAKI, 2 may — Sputnik. Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Dram Teatrında, rejissor Mir Sahib Ağazadə Cəlil Məmmədquluzadənin nəsr əsərləri əsasında "Danabaşlar" adlı yeni tamaşa hazırlayır. Bu barədə Sputnik-ə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi", "Danabaş kəndinin əhvalatları" povestləri, "Poçt qutusu", "Lal" hekayələri və digər əsərləri əsasında səhnələşdirilən tamaşanın janrı bir hissəli qəmli komediya kimi təyin olunub. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Naida Alimetova, ikinci rejissoru Hörmət Aslanovdur. Tamaşanın musiqi tərtibatı da quruuşçu rejissor Mir Sahib Ağazadəyə məxsusdur. Tamaşada teatrın, demək olar ki, bütün yaradıcı heyəti iştirak edir.
Quruluşçu rejissor Mir Sahib Ağazadənin sözlərinə görə, tamaşanın ideya xətti Mirzə Cəlilin "uçitel" personajının dediyi kimi, "uceniye svet, ne uçeniye tma" olaraq götürülüb. Zülmət cəhalətin, işıq isə elmin, tərəqqinin rəmzidir. Bu da tamaşada müəyyən simvolika ilə öz əksini tapır.
Rejissor onu da vurğulayır ki, "sonda mən kərbəlayilərin, Əhmədin və başqa bütün bu bədbəxtçilikləri ilə tamaşanı bitirməmişəm. Bir ümid və işıq üçün yer qoymuşam. Seçim yenə tamaşaçınındır. Nə dərəcədə işıqlı, nə dərəcədə zülmət kimi görmək istəsə və ya görsə elə də görəcək".
Qeyd edək ki, hazırda məşqləri gedən səhnə əsərinin premyerası iyun ayının əvvəllərinə planlaşdırılır.