BAKI, 29 apr-Sputnik. "Ordumuzun son uğurlu əməliyyatlarında ən çox diqqət çəkən məsələlərdən biri bu oldu ki, gərgin situasiyada Azərbaycan ordusunda bir nəfər də olsun fərari olmadı. Bu, insanların orduya olan münasibətinin bir bariz göstəricisidir".
Sputnik xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, fərarilik təkcə orduda xidmət edərək oradan yayınmaq deyil, həm də orduda xidmətdən bu və ya digər formada yayınmaqdır.
"Bu gün Türkiyədə, Ukraynada və bir çox yerlərdə çox sayda azərbaycanlılar təhsil alırlar. Məsələn, Türkiyənin bir neçə universitetində 300 azərbaycanlı tələbə təhsil alır. Bunun 280-ni 1-ci kursdan yuxarı 5 ildir ki, keçmir. Ordudan, əsgərlikdən yayınmaq üçün xeyli insanlar bu vasitəyə əl atıblar", — deputat deyib.
F. Mustafa qeyd edib ki, bizim təhsil sistemimizdə bu məsələyə yenidən baxılmalıdır: "Onsuz da universitetlərimizin xeyli hissəsi bilik yox, diplom verməklə məşğuldur. Universitetə qəbul sistemini asanlaşdırmaq lazımdır ki, bu pul xaricə axmasın. Qoy burada təhsil alsınlar. Eybi yox, qoy burada 1-ci kursda 5 il qalsınlar. Həmən pulu Azərbaycan dövlətinə ödəsinlər".
"Çox sayda insan kənarda təhsil üsulundan istifadə edərək orduda xidmətdən yayınma taktikasını özlərinə məqbul sayır. Kimsə soruşmur ki, ay bala, 10 ildir sən Türkiyədə nə işlə məşğulsan? Niyə gəlib Vətənində orduda xidmət etmirsən? Bu məsələyə diqqət ayırmağı təklif edirəm", — millət vəkili vurğulayıb.