BAKI, 29 apr — Sputnik. "İndiki şəraitdə cəbhəboyu ərazilərdə baş vermiş hadisələrlə bağlı həqiqətləri dünya ictimaiyyətinə daha dəqiq və dolğun çatdırmaq istiqamətində səyləri gücləndirmək lazımdır".
Sputnik xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda deyib. Spiker bildirib ki, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sədrləri xarici ölkə deputatlarına, beynəlxalq təşkilatlarda olan həmkarlarına məktub yazmağa üstünlük verməlidir.
"Həmin məktublarda da həqiqətlər çatdırılmalıdır. Düzdür, məktublar yazılıb, amma bu azdır. Bu məsələdə daha fəal olmaq lazımdır", — o, əlavə edib.
O. Əsədovun sözlərinə görə, iş o yerə gəlib ki, ABŞ senatorları məktub yazırlar və Azərbaycanı təcavüzkarlığı dayandırmağa çağırırlar: "Ona görə də bilməyənləri qandırmaq, başa salmaq lazımdır. İndiki dövrdə burada danışmaqdan daha çox parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri xaricdə olan öz həmkarlarına, beynəlxalq təşkilatlara məktub yazmalı və həqiqəti onlara çatdırmalıdır".
"Çoxlarının heç Azərbaycanın harada olduğundan, bu problemdən xəbəri yoxdur", — spiker vurğulayıb.
Daha sonra parlament sədri deyib: "Ad çəkmək istəmirəm. Bu yaxınlarda xəritəni qoymuşuq Avropa Parlament nümayəndələrinin qabağına. Onlar heç bilmirlər ki, işğal olunmuş 7 rayon nədir, Qarabağ harada yerləşir. Bu istiqamətdə işimizi artırmalıyıq".