BAKI, 29 apr — Sputnik. "Sputnik.Qiraət" layihəsinin növbəti iştirakçısı məşhur aktyor və rejissor Qurban Məsimov olub. Aktyor layihə çərçivəsində görkəmli şair, qəzəlxan Əliağa Vahidin "Bakıda" şeirindən bir parça oxuyub.
"Əsl poeziyada nə siyasi, nə də sosial sərhədlər olar, lakin o, hər zaman milli özəlliyi ifadə edər. "Sputnik.Qiraət" layihəsinin də məqsədi ümumbəşəri ilə yanaşı, şeiriyyatda milliliyi də göstərməkdir. Onun məzmununu "bizi birləşdirən poeziya" ifadəsi dolğun açıqlayır", —deyə Qurban Məsimov bildirib.
Layihə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyevin çıxışı ilə başlayır. O, müasir ədəbiyyatımızın klassiki Səməd Vurğunun "Azərbaycan" şeirindən bir parça oxumaqla layihədə iştirak edib. Növbəti iştirakçı isə Abbas Səhhətin "Vətən" şeirindən parça oxuyan tanınmış repçi AİD olub. "Sputnik.Qiraət"də həmçinin ictimai-siyasi xadimlər iştirak edəcəklər.
Həmçinin, hər bir sosial şəbəkə istifadəçisi şəxsi səhifəsində sevdiyi şeir parçasını oxuduğu videonu #Sputnik.Чтения və ya #Sputnik.Qiraət heşteqləri ilə paylaşaraq layihəni dəstəkləyə bilər. Layihənin sonunda ən yaxşı oxucu videoları Sputnik Azərbaycan-ın saytlarında yerləşdiriləcək.
"Sputnik.Qiraət" şeir layihəsinin məqsədi çoxqütblü, rəngarəng dünyada hər kəs üçün vacib olan dəyərləri — sevgini, gözəlliyi, həyatı vəsf edən görkəmli sənət əsərlərinin qiraəti vasitəsilə insanları yaxınlaşdırmaqdır. Layihəyə 2015-ci ilin martında Sputnik Qırğızıstan başlayıb. Qırğızıstanlı həmkarlarımızın təşəbbüsü MDB və Yaxın xaricdəki bir çox Sputnik redaksiyaları tərəfindən dəstəklənib.
Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.