Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Böyük Britaniya Avropa Birliyindən ayrılarsa...

© conservativehome.comİngiltərə Avropa Birliyi
İngiltərə Avropa Birliyi - Sputnik Azərbaycan
Abunə olmaq
İngilislər qurumdan çıxmaqla bağlı qərara "hə" deyərlərsə, ən zəngin qitə yeni siyasi-iqtisadi münasibətlər sisteminə qədəm qoya bilər. Ayrılma qərarından hər iki tərəfin zərər görəcəyi proqnozlaşdırılır.

BAKI, 27 apr — Sputnik. Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxması ("Brexit" vəziyyəti —red.), AB-yə üzv ölkələr arasında ən böyük iqtisadiyyatı olan Almaniyaya mənfi təsir göstərəcək. Sputnik xəbər verir ki, Dünya İqtisadi Forumunun bununla bağlı analizində belə qərara gəlinib.

Bildirilir ki, Böyük Britaniyanın ixracatının 50 faizdən çoxu AB ölkələrinə edilir. Böyük Britaniya ümumi idxalatının 6,6 faizini isə AB ölkələrindən reallaşdırır.

Analizdə, "Brexit" vəziyyətində Böyük Britaniyanın xarici sərmayəçiləri ölkəyə cəlb etmək üçün qanunvericiliyində dəyişiklik edə biləcəyi və bunun da Almaniyaya istiqamətli sərmayələri azaldacağı qeyd edilib. Bildirilib ki, Böyük Britaniya Almaniyanın ən çox ixracat etdiyi ölkələr arasında ABŞ və Fransadan sonra üçüncü sıradadır.

Böyük Britaniya xalqı ölkənin AB-dən çıxıb-çıxmaması ilə bağlı bu il iyunun 23-də keçiriləcək referendumda qərar verəcək. Əgər AB-dən ayrılma nəticəsinə gəlinərsə, AB-nin təməl razılaşmasının 50-ci maddəsi tətbiq olunacaq. Həmin maddəyə görə, Böyük Britaniyanın AB-dən çıxış şərtlərinin müzakirə ediləcəyi 2 illik bir müddət başlayacaq.

Bu prosesin nəticəsində əgər bir razılaşma əldə olunmazsa, ayrılma avtomatik olaraq reallaşacaq. Beləcə, ortaq bazara giriş ortadan qalxarkən, Böyük Britaniyanın 53 ölkə ilə davam edən ticarət razılaşmaları da başa çatacaq.

"Britaniyanın strateji planları var"

© Sputnik / Talib BarkhudayevZahid Oruc
Zahid Oruc - Sputnik Azərbaycan
Zahid Oruc

"Böyük Britaniya Avropa Birliyində onsuz da son illər ərzində xüsusi şərtlər, iddialar ilə çıxış edirdi. Bəlli səbəblərə görə, bu ölkənin Avropa arealında xüsusi iqtisadi və siyasi çəkisi var. Bütün üzv olan 27 dövlət onların bu tələblərinə boyun əyirdi və razılaşırdı".

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Zahid Oruc deyib. Digər tərəfdən, o bildirib ki, Böyük Britaniyanın daha uzaq gedən strategiyası var: "Onlar fərqindədirlər ki, Avropa Birliyində Almaniya və Fransa aparıcı yer tutur və birliyin iqtisadi-siyasi lokomativi rolunda çıxış edir".

"Bundan başqa, Böyük Britaniya AB ilə münasibətlərdə özünün ziyanına olan tendensiyaları gördü. Yəni, onlar hesab edirlər ki, vahid iqtisadi şərtlər bir sıra məqamlara görə bunlara xeyli maddi ziyan vurur. Halbuki, bu hesablamalar dəfələrlə beynəlxalq mediada təsdiq olunub ki, Avropa Birliyində, vahid iqtisadi şərtlərlə Böyük Britaniya özü bundan nə qədər faydalanır", —deyə Z. Oruc vurğulayıb.

Onun fikrincə, görünür, Böyük Britaniyanın başqa strateji planları var: "Onlar imperiya keçmişinə malik olan bir dövlət kimi daha mühüm planlarını həyata keçirmək istəyirlər. Həm də AB-nin son dövrlər məruz qaldığı miqrant axınından özünü qorumaq, bəlkə də elə Avropanı bu miqrant axınında boğmaq üçün müəyyən planları var".

Deputat Böyük Britaniya əhalisində referendumla bağlı vahid fikir olmadığını da qeyd edib: "Siyasi qüvvələrin iddiaları var. Onlar da müəyyən əsaslara söykənir. Ancaq bütövlükdə, Böyük Britaniya əhalisinin vahid bir qüvvə kimi gəlib referendumda Avropa Birliyindən çıxma qərarı verəcəyini gözləmirəm".

"İttifaq daha az zərər görəcək, nəinki London"

© Photo : APANicat Hacızadə, iqtisadçı ekspert
Nicat Hacızadə, iqtisadçı ekspert - Sputnik Azərbaycan
Nicat Hacızadə, iqtisadçı ekspert

İqtisadçı ekspert Nicat Hacızadə Sputnik-ə açıqlamasında deyib ki, Böyük Britaniyanın Avropa İttifaqı büdcəsində müəyyən qədər payı var: "Ona görə də AB o ölkəyə mesajlarını verir ki, birlikdən çıxmasın. Böyük Britaniya AB-dən ayrılarsa, onun birlik ölkələri ilə münasibətləri müəyyən qədər dəyişəcək".

"Ayrılma nəticəsində Böyük Britaniyanın gəlirləri müəyyən qədər azalacaq. İttifaq ölkələrində iqtisadi münasibətlərdə güzəşt amilləri var. Böyük Britaniya AB-dən ayrılarsa, bu güzəştlərdən məhrum olacaq", — ekspert deyib.

Onun qənaətincə, ayrılma həm Böyük Britaniya, həm də İttifaq üçün ziyanlıdır: "Ən çox ziyanı da Böyük Britaniya çəkəcək. Bu ölkənin birlik çərçivəsindəki ticarət müqavilələri var və bunun bir hissəsi ləğv olunacaq. Böyük Britaniyada fəaliyyət göstərən şirkətlərin səhmlərində, eləcə də birliyin digər ölkələrinin bir sıra şirkətlərinin səhmlərində enmələr müşahidə oluna bilər. AB-nin bundan çəkəcəyi ziyan azdır, nəinki Böyük Britaniyanın".

"İri korporasiyalar mərkəzi ofislərini Londondan çıxaracaq"

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, Böyük Britaniyanın AB-dən ayrılması ilə bağlı referendumdan "hə" cavabının çıxması realdır. "Düşünmürəm ki, ayrılma olarsa, bu, o ölkənin iqtisadiyyatına çox böyük ziyan vura bilər. Artıq Britaniya iqtisadçıları da bunun fəsadlarını hesablayıblar. Funt-sterlinqin kəskin şəkildə dəyərdən düşməsi baş verə bilər", —deyə o, Sputnik-ə açıqlamasında bildirib.

Onun fikrincə, ayrılma olarsa, Britaniyanın AB ilə ticarət qaydaları dəyişdirilə bilər: "Bu da iri korporasiyaların, bankların, şirkətlərin heç də xoşuna gəlmir. İndidən bəyan ediblər ki, əgər ayrılma olacaqsa, onlar öz mərkəzi ofislərini Londondan çıxararaq digər ölkələrə daşımaq haqqında düşünəcəklər. Burada əsasən iqtisadi yox, siyasi məsələlər önə çıxır".

Xəbər lenti
0