BAKI, 27 apr — Sputnik. Musiqinin və incəsənətin dili yoxdur, amma dünyada hər kəs onları anlaya bilir. Belə sahələrdən biri rəssamlıqdır. Rəssamlar kətan üzərində yaratdıqları əsərlərlə dünyaya böyük mesajlar ötürə bilir. Gözəlliyi, sevgini, faciəni, hisləri özündə cəmləyən əsərlər tarixi yaddaşa əbədi hopur. Əsələri yaradan rəssamların hər biri öz dünyaya baxışını cəmiyyətə təqdim etməyə çalışır. Belə rəssamlardan biri də gürcü Levan Mosiaşvilidir. Levan Mosiaşvili Gürcüstanda doğulub yaşasa da sonradan karyerasını davam etdirmək üçün Fransaya köçüb. Sputnik-in əməkdaşı dünyaca məşhur rəssamla Gürcüstanda rəssamlığın inkişafından, Avropanın Qafqaz mədəniyyətinə münasibətindən danışıb. Müsahibəni təqdim edirik.
- Levan Mosiaşvili, öncəliklə gürcü xalqının rəssamlığa münasibətini öyrənmək istərdik. Gürcülər rəsm əsərlərinə həvəs göstərirlər?
— Gürcülər nəinki rəssamlığı, incəsənətin bütün növlərini sevirlər. Deyə bilərəm ki, gürcülər incəsənətə bağlı xalqdır. Gürcü rəssamları həyatı əsərlər çəkməyi sevirlər. Bu baxımdan rəssamlarımızın əsərləri sevilir və maraqla qarşılanır.
- Siz Gürcüstanda deyil, Fransada yaşamağı seçdiniz. Bu sizin sənətinizə nə verdi?
— Mən 90-cı illərdən bir çox beynəlxalq rəsm yarışmalarının qalibi olmuşam. Beynəlxalq yarışmalarda əsərlərimi gördükdən sonra Fransa səfirliyindən zəng edib məni Fransaya dəvət etdilər. Təbii təklifi qəbul etdim. Beləliklə, mən orada yaşayaraq Gürcüstanı təmsil etmək şərti ilə işləməyə başladım. Onu da qeyd edim ki, Fransadan təklif alan ilk gürcü rəssam mənəm. Bu günə kimi də Fransada yaşayıb vətənimi təmsil edirəm.
- Siz daima Fransada qalmaq niyyətindəsiniz, yoxsa müqavilə bitəndən sonra Gürcüstana geri dönəcəksiniz?
— Xeyr, mənə ömürlük Fransada yaşamaq imkanı yaradılıb. Amma Gürcüstana tez-tez gəlməyə çalışıram. Axı mənim ilham mənbəyim vətənimdir. Xüsusilə Milli Kitabxanasının Beynəlxalq Dostlar Klubunun üzvü olduğum üçün tez-tez Gürcüstana gəlib layihələrdə iştirak edir və rəssamları dəstəkləyirəm. Gənc rəssamlarla tez-tez görüşürəm. Bir sözlə Avropa mənim evim, Gürcüstan isə vətənimdir.
- Əsərlərinizdə sevgi səhnələri çoxluq təşkil edir. Sizə sevgi rəssamı demək olar?
— Sevgi haqqında musiqi, poema olur. Levan da sevgi haqqında əsərlər çəkir. Mən hər kəsə və hər şeyə sevgini çəkirəm. Həm Gürcüstanda, həm Fransada, həm də dünyanın bir çox ölkələrində əsərlərimə sevgi görmüşəm. Mənim əsərlərimin hamısı sevgi haqqındadır. Axı sevgisiz yaşamaq mümkün deyil.
- Çəkdiyiniz əsərlərdə rəng çalarları seyrçilərdə çox maraq yaradır. Rəng seçimini nəyə əsaslanıb edirsiniz?
— Seçib işlədiyim rənglər vətənimin rəngləridir. Təbiətin özü bizə müəllimdir. Biz sadəcə çalışırıq təbiətdən götürüb kətan üzərinə köçürək. Mənim istifadə etdiyim rənglər həyat, xoşbəxtlik rəngləridir. Bu rənglər ruhumuzu, canımızı isidir. Mən rəng qanunlarını bilmirəm, amma təbiətin qanunlarını bilirəm. Bu da əsərlərimi çəkməyə mənə bəs edir.
- Azərbaycan incəsənəti haqqında nə deyə bilərsiniz? İşlərini bəyəndiyiniz Azərbaycan rəssamı hansıdır?
— Azərbaycan incəsənəti mənə çox maraqlıdır. Xüsusilə son zamanlar yeni incəsənət üslubunda əsərlər yaratmağa üstünlük verilir. Bu özünü memarlıqda, rəssamlıqda xüsusilə göstərir. Uşaq olanda Azərbaycanda olmuşam. Çox istərdim tezliklə ölkənizə gəlim və bu yenilikləri daha yaxından seyr edim. Bir necə ay öncə Azərbaycan və Gürcüstan rəssamlarının birlikdə sərgisi oldu. Burada mən gənc və çox istedadlı azərbaycanlı gənc rəssamlarla tanış oldum. Sizin rəssamların əsərləri sanki nəğmə oxuyur. Əsərlər çox dəqiqliklə işlənir. Bu da yüksək peşəkarlıqdan xəbər verir.