BAKI, 27 apr — Sputnik. Cari ilin ilk 3 ayında ölkəmizin xarici ticarət əməliyyatlarının həcmi 3 606 542.05 min ABŞ dolları olub. Bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 37.98 % azdır. O cümlədən, idxal əməliyyatları üzrə 1 825 922.13 min ABŞ dolları təşkil edib ki, bu, keçən ilin müvafiq dövrünə nisbətən 24.90% azdır. İxrac əməliyyatları üzrə isə 1 780 619.92 min ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 47.38 % azalma deməkdir.
Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda ixracın azalmasının əsas səbəbi neftin qiymətinin aşağı düşməsidir: "Bu ilin birinci rübündə də neftin ortalama qiyməti 37-38 dollara yaxın olub. Təəssüf ki, ilk rübdə qeyri-neft sektorunda da ciddi artım olmayıb. Gözləyirdik ki, heç olmazsa, qeyri-neft sektorunda müəyyən artım olacaq və bu, kompensasiya olunacaq. Amma bu, baş vermədi. Qeyri-neft sektorunda ciddi irəliləyiş əldə olunmadı".
Ekspertin fikrincə, idxalda azalmanın səbəbi isə, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır: "2 devalvasiyadan sonra insanların alıcılıq qabiliyyətinin aşağı düşməsini müşahidə etdik. İdxal olunan malların dəyərinin artması müşahidə olunur. Devalvasiyadan sonra alınan malların dəyəri artıb. Ona görə də alıcılıq qabiliyyəti aşağı düşüb. İdxalda azalmanın əsas səbəbi bununla bağlıdır".
"Xarici ticarət əməliyyatlarının həcmində azalmanın artıq fəsadları görünür. Çünki, ümumi daxili məhsulun azalmasını artıq müşahidə edirik. Bu ilin birinci rübündə ümumi daxili məhsul 3,5 faiz azalıb. İlk dəfə idi ki, belə bir böyük azalma müşahidə edirdik. Bu da həm iqtisadi aktivliyin, həm də ticarət dövriyyəsinin azalması ilə izah oluna bilər. Qeyri-neft sektorunda ixracın artırılması vacibdir və bu, təşviq olunmalıdır. İxracatın artması iqtisadi aktivliyi artıra bilər", —deyə ekspert qeyd edib.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da sözügedən məsələ ilə bağlı fikirlərini Sputnik-lə bölüşüb. "Biz idxalı yalnız xarici valyuta ilə həyata keçirə bilərik. Gəlirimiz azaldığı üçün bir çox məhsulları ala bilmirik. Məsələn, avtomobil idxalı azalıb və s. Əhalinin alıcılıq qabiliyyəti də yoxdur", —ekspert bildirib.
Onun sözlərinə görə, ixracın azalmasının səbəbi də neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır: "Güman edirəm ki, bu tendensiya davam edəcək. İxracı artırmaq perspektivini görmürəm. Yaxın zamanda neftin qiymətinin artması gözlənilmir. İndi bizim dünyaya əsas başqa nəsə ixrac etməyimiz də mümkün görünmür".
Maliyyəçi əhalinin bəzi məhsullara ehtiyacının olduğunu qeyd edib: "Onları biz artıq xaricdən almağa qadir deyilik. Çalışmalıyıq ki, o məhsulların bir qismini özümüz istehsal edək. Dövlət də bəyan edir ki, biz kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirməliyik".