BAKI, 27 apr — Sputnik. Nizami Kino Mərkəzi "British Council Azərbaycan" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə "İkinci Britaniya Film Baharı Festivalı"nın açılışını keçirib. Nizamı Kino Mərkəzinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, açılışdan əvvəl media nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Nizami Kino Mərkəzinin mətbuat xidmətindən Sputnikə verilən məlumata görə, Britaniya Bahar Film Festivalı aprelin 30-dək Nizami Kino Mərkəzində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmlərini təqdim edəcək. Festival Kolm Toybinin eyniadlı romanı əsasında Nik Hornbinin ssenarisi ilə, rejissor Con Kraulinin çəkdiyi Oskar nominasiyalı "Bruklin" adlı tarixi dramın premyerası ilə açılıb.
Festivalın növbəti günlərində, həmçinin aktrisa Meqqi Smitin baş rolda çəkildiyi "Furqondakı ledi", rejissor Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il" filmi, baş rollarda Kolin Farrel və Reyçel Vaysın çəkildiyi rejissor Yorqos Lantimosun "Lobster" filmi daxil olmaqla, altı maraqlı və eyni zamanda çox fərqli filmlər izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, bütün filmlər Nizami Kino Mərkəzində ingilis dilində rus dilində alt yazılarla nümayiş edilir. Biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür. Xatırladaq ki, British Council Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil etmişdir. İkinci film festivalı Britaniya Film Baharı (British Film Spring) adı altında 2015-ci ildə baş tutub.