BAKI, 27 apr — Sputnik. Azərbaycan-Fransa Universiteti bu ilin sentyabrında fəaliyyətə başlaya bilər. Sputnik xəbər verir ki, dünən paytaxt Bakıda yerləşən Fransız liseyində olan, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla bu barədə müzakirələr aparıb.
Fransız liseyində baş tutan görüşdən sonra mətbuata açıqlama verən təhsil naziri Mikayıl Cabbarov deyib ki, bu gün əməkdaşlığın növbəti mərhələsi kimi Azərbaycan-Fransa Universiteti layihəsinin həyata keçirilməsi müzakirə olunur: "Qarşımızda duran əsas məqsəd odur ki, bu ali təhsil müəssisəsi 2016-cı il sentyabrın 15-dən fəaliyyətə başlasın".
M.Cabbarov əlavə edib ki, Fransa tərəfindən bu layihədə tərəfdaş universitet Strasburq Universiteti, Azərbaycan tərəfdən isə Dövlət Neft və Sənaye Universitetidir: "Bu fəaliyyət artıq bir ildən çoxdur ki, həyata keçirilir. Hazırda Fransa tərəfindən növbəti mərhələ üzrə addımları özündə əks etdirən sənəd layihəsi təqdim olunub".
Öz növbəsində fransalı nazir Harlem Desir, jurnalistlərə açıqlamasında deyib ki, sentyabrda fəaliyyətə başlaması nəzərdə tutulan universitetdə, əsasən kimya fənni tədris olunacaq və dərslər fransız və Azərbaycan dillərində keçiriləcək.
Bəs həmin universitetə qəbul şərtləri necə olacaq? Dərslərin keçirilməsi üçün Fransadan müəllim heyəti dəvət ediləcəkmi? Tələbələrimiz kimya fənnini fransız dilində necə qavrayacaqlar?
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Sputnik-ə açıqlamasında deyib ki, qəbulun necə və hansı şərtlərlə olacağı haqda may ayında ictimaiyyətə geniş məlumat veriləcək: "Hələlik bununla bağlı işlər gedir və proses yekunlaşmaq üzrədir. Fənnlərin tədris olunması üçün Fransadan müəllim heyəti də dəvət olunacaq".
Yeni yaradılmış Dövlət İmtahan Mərkəzinin (DİM) funksiyasını icra edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən isə bildirdilər ki, hələlik onlarda yeni universitetin fəaliyyətə başlayacağı ilə bağlı məlumat yoxdur: "Biz özümüz də həmin xəbəri mətbuatdan eşitdik. Bizə hər hansı formada məlumat daxil olmayıb. Yəqin ki, yaxın vaxtlarda məsələ tam aydın olar və biz də ictimaiyyətə geniş açıqlama verərik".