Hikmət ORHUN, Sputnik Azərbaycan
BAKI, 27 apr — Sputni. Qazax rayonunun mərkəzindən keçən Heydər Əliyev prospektində, vətənin müdafiəsi zamanı həlak olan şəhidlərin xatirəsinə ucaldılan bulaqlar quruyub. Hər gün yanından ötüb keçən insanlar diqqət göstərmədiyi üçün, çoxu baxımsızlıqdan dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Yazıları oxunmaz hala düşüb, krantları sındırılıb.
Su gələndə bulaqdan gündəlik istifadə edib, şəhidlərin ruhuna dua oxuyan şəhər sakinləri deyirlər ki, aidiyyatı orqanların xatirə bulaqlarına sonuncu dəfə nə zaman baş çəkdiyini unudublar. Milli qəhrəman Şamoy Çobanov, şəhid Qaratel Hacımahmudova, Nizami Quliyev və digərləri də son damla qanına kimi vətən torpağının müdafiəsi üçün əlindən gələni edib, canlarından keçiblər.
Prospekt sakinləri deyirlər ki, onların adını yaşadan hər şeyi can-başla qorumaq, sahib çıxmaq lazımdır: "Təəssüflər olsun, məsələyə aidiyyatı olan təşkilatları sonuncu dəfə nə vaxt bulağa baş çəkən görmüşəm, yadımdan çıxıb. Bu laqeydlik onların ruhuna hörmətsizlikdir", — deyə Sveta xanım bildirib.
Üstəlik, bu azmış kimi, insanların Şamoy Çobanovun adını daşıyan bulağın yaxınlığından keçən Poylu arxına atdığı zibillər təmizlənmədiyindən, il boyu üfunət qoxuyur, yayda yaxınından keçmək olmur.
Demək olar ki, digər xatirə bulaqlarında da vəziyyət eynidir. Şəhid Şamoy Çobanov, Qaratel Hacımahmudova və Nizami Quliyevin şərəfinə ucaldılan bulaqlar beş-altı ay qabağa kimi vaxtlı-vaxtında təmir olunub, su ilə təmin olunsa da, ilk dəfə xalqımıza azadlığı daddıran Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi münasibətilə inşa edilən bulaq illərin su həsrətlisidir.
Qeyd edək ki, qabaqdan yay gəlir və indidən şəhərdə içməli su tapmaq çətinləşib. Qazax "Su-kanal" idarəsi isə ənənəsinə sadiq qalaraq, həmişəki kimi susur.