İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul bildirir ki, artıq nefti unutmaq lazımdır, qiymətin hansı səviyyədə olmasının ölkədə həyata keçiriləcək iqtisadi islahatlara heç bir təsiri olmamalıdır. Ekspertin fikrincə, qiymətlərdə cüzi artımın olması iqtisadi islahatlarda müəyyən ləngimələrə səbəb olub:
“Azərbaycanda iqtisadi islahatların aparılmasına təsir edən amillər tamam başqa amillərdir. Ölkə rəhbərliyində təmsil olunan bəzi səlahiyyətli nümayəndələrin də bu işə təsiri ola bilər. Səlahiyyətlərindən istifadə edib onu aparılmasını ləngidə bilərlər. Ancaq, prezident tərəfindən birmənalı şəkildə iradə ortaya qoyulub ki, islahatlar getməlidir. Hesab edirəm ki, bundan sonra aparılacaq islahatların gedişinə neftin qiymətinin təsiri olmayacaq. Burada bir obyektiv amili də nəzərə almaq lazımdır. Neftin qiymətindəki o dəyişikliklər göstərir ki, qiymətlərin əvvəlki səviyyəyə qalxmasını gözləmək sadəlövlük olar”. Qalib Toğrul düşünür ki, indiki vəziyyətdə iqtisadi islahatlar labüddür.
Digər iqtisadçı ekspert Pərviz Heydərov isə iqtisadi islahatların əvvəlki tempdə davam etdiyini deyir. Ekspert hesab edir ki, bu islahatların həyata keçirilməsində əsas məqsəd yeni iqtisadi modelin seçilməsinə nail olmaqdır:
“Qeyri-neft sektorunun inkişafı neçə illərdir ki, Azərbaycan hökümətinin iqtisadi siyasətində prioritet sayılırdı. Amma, indi söhbət təkcə qeyri-neft sektorunun inkişafından getmir. Söhbət ümumiyyətlə iqtisadiyyatın inkişafında yeni istiqamət üzrə addımlar atılmasından gedir. Bu isə hökümətdən iqtisadiyyatı idarə etmə mexanizminə yeni yanaşma tələb edir. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, neftin qiymətləri bundan sonra artası olsa da belə Azərbaycanda neft hasilatı əvvəlki səviyyədə deyil və olmayacaq da”.
Pərviz Heydərovun sözlərinə görə hökümətin atdığı addımlar neftin qiyməti ilə əlaqli olmalı deyil. “Ümumiyyətlə iqtisadiyyat getdikcə neft amilindən kənarlaşmalıdır”- deyə o qeyd edib.
Qeyd edək ki, bu günə olan məlumata görə, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,37 dollar ucuzlaşaraq 45,61 dollar təşkil edib.