QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağ münaqişəsinin həllində Azərbaycan "favorit" ölkənin yanında olacaq

© Sputnik / Murad OrujovДеревня в Физулинском районе
Деревня в Физулинском районе - Sputnik Azərbaycan
Abunə olmaq
Təşəbbüsü ələ alan ölkə ictimai rəyi qazanacaq.

Cəbhə bölgəsində yenə də güllə səsləri eşidilir. Tərəflər “hərbi marş” oxumaqla yeni savaşın alovlana biləcəyini nümayiş etdirirlər. Görünən budur ki, Azərbaycan müharibəyə sövq edilir. Bölgədə yeni müharibə isə Qərbin maraqlarına cavab vermir. Ən azı enerjidaşıyıcılarının təhlükəsizliyi baxımından Qərb buna razı olmaz.  Tərəflərə təzyiqini saxlaya bilməkdən ötrü dünyanın güc mərkəzlərinə status-kvonun saxlanılması daha önəmlidir. Odur ki, irimiqyaslı hərbi əməliyyatların başlanılması perspektivi böyük deyil. Düzdür, rəsmi Bakı bütün cəbhə boyunca müharibəyə başlamaya biləcəyini nümayiş etdirir. Belə ki, iqtidar daim coğrafi şəraitdən yararlanaraq, “düşmən qonşular” əhatəsində yerləşdiyini Qərbə nümayiş etdirib və bunun dividentini qazanıb. Hazırda isə Qərbin Azərbaycana təzyiqlərinin artdığı bir zamanda yenidən Rusiya tərəfindən sıxıldığını, bunun isə ABŞ-ın enerji layihələrinə ciddi zərbələr endirdiyini göstərmək Bakının manevrləri ola bilər. Yəni Rusiya Qərbin enerji layihələrinin təminatçısı kimi çıxış edən Azərbaycan hakimiyyətini “bitirmək” istəsə, ikincinin rəsmi Bakıya dəstək verməkdən başqa yolu qalmır. Lakin məsələ göründüyü qədər sadə deyil.

1994-cü ildə Qərbin güclü dəstəyi sayəsində Bakı-Tiflis-Ceyhan kəməri layihəsi razılaşdırıldı. Lakin bölgədə daha da möhkəmlənmək üçün təkcə enerji layihələri kifayət etmirdi və Dağlıq Qarabağ münaqişəsi kimi kifayət qədər geniş bölgəni qarışdıra biləcək təhlükəli münaqişənin də həlli lazım idi. Amma Azərbaycan neftini əldə edən Qərbdən bu münaqişənin həlli üçün gözlənilən dəstək gəlmədi. Əksinə, ABŞ Konqresi tərəfindən qəbul edilən bədnam 907-ci düzəliş sayəsində Azərbaycan uzun müddət bu ölkənin yardımlarından məhrum oldu, Amerika, digər Qərb dövlətləri Ermənistana heç bir əməli təzyiq göstərmədi və münaqişə həll edilməmiş qaldı. Beləliklə də Azərbaycanda haqlı məyusluq yarandı: bir halda ki, Qərb Qarabağ məsələsində Azərbaycana heç bir əməli kömək etmir, Rusiya və İran kimi qonşularla təhlükəli oyuna girib ölkənin zəngin neft ehtiyatlarının üzünü Qərbə çevirmək nəyə lazım idi?

Qarabağ münaqişəsi bölgəsində vəziyyətin gərginləşdiyi və danışıqların dalana dirəndiyi bir vaxtda Azərbaycan bu dəfə qaz ehtiyatlarından istifadə edərək Ermənistana təsir imkanları əldə etməyə çalışırdı.

Qeyd edək ki, Azərbaycan indi qaz ehtiyatlarına görə dünyanın aparıcı dövlətlərinin və region ölkələrinin diqqət mərkəzindədir. Lakin Bakı ötən əsrin  90-cı illərin ortalarında mövcud olan intuziazimla hərəkət etmək və Qarabağ məsələsində dəstəyə ümid edərək Qərbin irəli sürdüyü bütün layihələrə qatılmaq, digər variantları isə bir kənara qoymaq fikrində deyil. Qarabağ münaqişəsinin həlli üçün regional oyunçuların və böyük dövlətlərin dəstəyini əldə etməyə, Ermənistanın təcrid olunmasını davam etdirməyə və ölkənin mövqelərini gücləndirməyə çalışan Bakı Qərblə məsafə saxlamağa səy göstərir. Təsadüfi deyil ki, Azərbaycanla Rusiya arasında danışıqlar Qarabağ münaqişəsinin həllinə dair təşəbbüslər kontekstində keçirilir. Lakin Azərbaycan malik olduğu enerji ehtiyatlarından Qarabağ məsələsində təkcə beynəlxalq siyasi və diplomatik dəstək ala bilmək üçün istifadə etmir. Bu amil daha mühüm olan imkanlar — ordunu gücləndirmək, hərbi potensialı artırmaq və Ermənistanla müqayisədə hərbi balansı öz xeyrinə dəyişmək imkanları da açır. Ermənistan vaxtilə Qərbdə və Avropadakı güclü erməni lobbisi sayəsində Bakının enerji amilindən Qarabağ məsələsi üçün faydalanmaq səylərini xeyli ölçüdə neytrallaşdıra bildi. Ancaq Azərbaycanın neft-qaz gəlirləri hesabına sürətlə inkişaf etməsi və hərbi potensialını gücləndirmək üçün davamlı addımlar atması Ermənistanı narahat edir. Erməni lobbisi də indi bu durum qarşısında nəsə edə bilmir. Ötən zaman ərzində Azərbaycan böyük neft gəlirlərinin ölkəyə daxil olması ilə paralel öz hərbi büdcəsini dəfələrlə artıra bildi. Artıq Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinin həcmindən çoxdur. Lakin hər ötən il Azərbaycanı Qarabağdan daha çox ayırır. Xalq bu münaqişənin tezliklə həllini istəyir. Bu baxımdan, istər Qərbin, istərsə də Rusiyanın ölkəmizdə möhkəmlənməsi Qarabağ probleminin həllindən keçir. Hansı dövlət bu münaqişənin həllində Azərbaycanın yanında olacaqsa, ictimai rəy də həmin ölkəni xilaskar kimi qəbul edəcək. Romantizm artıq arxada qaldı və insanlar real addımları qiymətləndirirlər. Atəşkəsin pozulması da sübuta yetirdi ki, Qarabağ amili Azərbaycan ictimai rəyi üçün hələ də böyük önəm kəsb edir…

Xəbər lenti
0