BAKI, 25 apr — Sputnik. Xəbər verdiyimiz kimi, aprelin 17-də İmişli rayonunun Aranlı kəndində örüş sahəsinin bir hissəsinin zəbt olunmasına etiraz olaraq, yerli sakinlər mal-qaralarını kənd bələdiyyəsinin inzibati binası önünə toplamaqla aksiya keçiriblər. Narazılar məqsədlərinə çatsalar da, onların bəziləri cəzalandırılıb.
Bu barədə Sputnik-ə məlumat verən Aranlı kəndinin sakini, fiziki tərbiyə müəllimi Babək Cəfərovun sözlərinə görə, aksiya aprelin 18-də də davam edib: "Bu dəfə daha kütləvi idi. Kəndin mərkəzinə yüzlərlə adam yığışmışdı. Aksiyaya 1000 başdan artıq iri və xırda buynuzlu heyvan cəlb edilmişdi".
"İcra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları gəldilər kəndə. Camaatla danışıqdan sonra örüş sahəsində şumlama işi dayandırıldı", —deyib müəllim.
B. Cəfərov bildirib ki, ertəsi gün özü də daxil, 12 nəfər kənd sakini rayon polis idarəsinə çağırılıb: "Polisdə bizdən izahat aldılar. Bir neçə saat saxlanıldıqdan sonra bizi məhkəməyə aparıdılar".
"9 nəfər idik. Bizi ictimai asayişi pozmaqda təqsirləndirdilər və hər birimizə 50 manat cərimə kəsildi. Əslində heç birimiz hansısa qanunsuz hərəkət etməmişik. Hadisənin əsil təqsirkarları, örüş yerini zəbt etməklə bütün kənd əhalisini hiddətləndirən şəxslər kənarda qaldı, əvəzində aksiyanı izləyən, yaxud sadəcə sözünü deyən adamlar cəzalandırıldı", —narazı sakin əlavə edib.