BAKI, 24 aprel-Sputnik. Artıq Azərbaycanda üzüm yarpağından bişirilən dolmanın mövsümü başlayıb. Üzüm yarpağı təkcə milli yeməyə özünəməxsus dad vermir, o, həm də fövqəladə müalicəvi əhəmiyyətə malikdir.
Üzüm yarpaqları keçmişdə ishalın, ürək xəstəliklərinin, diş və qarın ağrılarının, qanaxmaların müalicəsində geniş istifadə edilirdi.
Üzüm yarpaqlarının dəmləməsi öskürəyin müalicəsi zamanı yaxşı kömək edir. O, bəlğəmi duruldur və nəfəs yollarından çıxmasına kömək edir.
Dəmləməni hazırlamaq üçün 5-7 təzə üzüm yarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur və 30 dəqiqə ərzində dəmlənilir. Dəmləməni gün ərzində ilıq vəziyyətdə qəbul etmək lazımdır.
Türkiyəli həkim, neyrocərrah Can Yaşargilin sözlərinə görə, üzüm yarpağı uşaqlarda çəpgözlüyün aradan qalxması, beyin təzyiqinin azalması üçün yaxşı təbii vasitədir. Belə ki, axşamlar təzə üzüm yarpaqlarını yığıb qayçı ilə iri-iri doğramaq, üstünə sadəcə soyuq içməli su əlavə etmək lazımdır. Səhər isə bu su süzülür və acqarına içilir. Effektiv olması üçün bu proseduru azı 1 ay müddətində hər gün təkrarlamaq lazımdır.