BAKI, 23 apr — Sputnik. Xəzərdə yanan Rusiya tankerində Azərbaycan yanğınsöndürənləri yanğınsöndürmə əməliyyatına hələ ki, başlamayıblar.
Bu barədə Sputnik-ə FHN-dəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, əməliyyata başlamaq üçün gəminin məxsus olduğu Rusiya tərəfinin icazəsi və ya müraciəti lazımdır.
"Lakin hələlik belə bir müraciət olmayıb", deyə mənbə bildirib.
Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb, 10 nəfər isə təxliyə olunub.
Onları tanker sahibinin başqa bir gəmisi ilə Həştərxana təxliyə ediblər.
Bu barədə Sputnik-ə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən məlumat verilib.
Həmçinin Mərkəzdən Rusiya tərəfinin gəmidəki yanğını söndürməkdə iştirak etmədiyini bildiriblər. Bir müddət əvvəl isə Qazaxıstan DİN fövqəladə hallar komitəsindən bu ölkənin də yanğınsöndürmə əməliyyatında iştirak etmədiyini bildiriblər.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib. Bu barədə isə FHN-in yaydığı rəsmi məlumatda deyilir.