BAKI, 22 apr — Sputnik. Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən "Yerli Düşüncə" dərnəyi tərəfindən aprelin 20-də "Azərbaycana qardaş dəstəyi" adlı aksiyası keçirilib. Bu haqda Sputnik-ə "Yerli Düşüncə" dərnəyinin Azərbaycan təmsilçisi Cavid Mövsümlü məlumat verib.
Onun təşəbbüsü ilə keçirilən tədbir əsnasında Ankarada müxtəlif universitet və fakültələrdə təhsil alan azərbaycanlı tələbələr üçün, dərnək tərəfindən 1 günlük rəsmi dairələrə ziyarət görüşləri təşkil olunub. İlk olaraq "Yerli Düşüncə" dərnəyinin rəhbərliyi, başda dərnəyin fəxri sədri Türkiyə Respublikasının prezidentinin baş məsləhətçisi, 63-cü hökümət kabinetinin mədəniyyət və turizm naziri Yalçın TOPÇU olmaqla, azərbaycanlı tələbələrlə birgə bu ölkədə fəaliyyət göstərən Azərbaycan səfirliyini ziyarət ediblər.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov ziyarətdən və Azərbaycana son olaylardan dolayı dəstək olduqları üçün təşəkkürünü bildirib. Öz növbəsində dərnəyin fəxri sədri Yalçın Topçu bildirib ki, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Qarabağ torpaqları qeyri-şərtsiz və dərhal işğaldan azad edilərək ölkənin ərazi bütövlüyü bərpa edilməlidir və Xocalı soyqırımı dünya ölkələri tərəfindən tanınmalıdır.
Cavid Mövsümlü dərnəyin Azərbaycan adına gördüyü işlər və tədbirlər haqqında geniş məlumat verərək, qardaş Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin adından hər zaman Azərbaycan uğrunda savaşmağa hazır olduqlarını diqqətlərinə çatdırıb. Görüşün sonunda səfirlikdə azərbaycanlı tələbələrlə birgə xatirə şəkili çəkdirilib və dərnəyin dərc etdiyi aylıq eyniadlı jurnalın bütün sayları səfirliyə təqdim edilib.
Bunun ardından azərbaycanlı tələbələr dərnək rəhbərliyi ilə birgə Türkiyə Böyük Millət Məclisini (TBMM) ziyarət ediblər. TBMM-də AK Parti Ordu millət vəkili Mətin Gündoğdu azərbaycanlı tələbələrlə fikir mübadiləsi aparıb.