BAKI, 21 apr — Sputnik. 1408-ci il aprelin 21-də Sərdrud döyüşündə (Təbrizin yaxınlığında kənd) Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin qoşunları Teymurləngin oğlu Miranşahın ordusunu məğlub edib. Həmin döyüşdə Miranşah öldürülüb.
Bununla da Azərbaycan torpaqlarında Teymurilərin (Teymur özü 1405-də vəfat etmişdi) hökmranlığına son qoyulub. Bir qədər sonra Şirvanşahlar istisna olmaqla bütün Azərbaycan torpaqları Qaraqoyunlu dövləti tərkibinə daxil edildi.
Topal Teymurun ölümündən sonra oğlu Miranşah və nəvəsi Əbubəkr zahirən Məhəmməd Ömərin hakimiyyətini qəbul etdilər. Lakin Ömər hakimiyyətinə qəsd olacağını düşündüyü üçün Sultaniyyəyə onun yanına gəlmiş Əbubəkri həbs etdirdi. Qala keşikçiləri ilə dil tapıb həbsdən azad olan Əbubəkr atası Miranşahla Xorasanda qoşun topladı. Şirvanşah I İbrahimə qarşı yürüş etmiş Ömər şəhərdə olmadığı üçün Əbubəkr Sultaniyyəni ələ keçirdi və maneəsiz Təbrizə daxil oldu. Cənubi Azərbaycan Əbubəkr və Ömərin arasında gedən qanlı toqquşmalar meydanına çevrilmişdi. Təbriz əldən-ələ keçir və şəhərin sakinləri qətl və qarətlərə məruz qalırdı. Lakin təbrizlilər işğalçılara qarşı mübarizədə böyük hünər və mətinlik göstərərək onları şəhərdən çıxmağa məcbur etdilər. Mənbələrdə Təbrizin müdafiəsinin təşkilində Qazi Qiyasəddin, Əbdül Möhsün Qəzvini, Şeyx Əxi Qəssab və Qazi İmadəddinin qeyrət və bacarığı xüsusi qeyd olunur.
Qaraqoyunlu tayfa ittifaqının başçısı Qara Yusif ilə Əbubəkr ilk dəfə 1406-cı il oktyabrın 14-də Araz çayının sahilində toqquşdular. Qaraqoyunluların həmləsinə davam gətirməyən Teymurilər qaçmağa üz qoydular. Qara Yusif buradan Sultaniyyəyə yürüş etdi. Əbubəkr şəhəri tərk etdi və Reyə qaçdı. Sultaniyyəyə girmiş Qaraqoyunlular şəhəri qarət etdilər, sonra isə əhalini Təbriz, Marağa və Ərdəbilə köçürdülər. Xorasan hakimi olan qardaşı Şahruxdan yardım alan Əbubəkr Azərbaycanı ələ keçirmək üçün yeni təşəbbüs etdi. Bundan xəbər tutan Qara Yusif Təbriz ətrafında yerləşən Şənbi-Qazana gəldi. 1408-ci il aprelin 21-də Təbrizin cənubundakı Sərdrud adlı yerdə 20 minlik Qaraqoyunlu qoşunu Teymuriləri darmadağın etdi. Miranşah öldürüldü, Əbubəkr isə qaçmağa müvəffəq oldu.
Qara Yusifin Əbubəkr üzərində ikinci qələbəsinin mühüm tarixi əhəmiyyəti vardır. Bundan sonra Azərbaycanda Teymurilərin ağalığına son qoyuldu, Teymurilər imperiyasının böyük bir hissəsi metropoliyadan ayrılmış və bu ərazidə Azərbaycan Qaraqoyunlu dövləti (1410-1467) yaranmışdı.