CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan İranla birlikdə dərman istehsal edəcək

© FlickrDərmanlar
Dərmanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Azərbaycanın Astara şəhərində Azərbaycan və İran nümayəndə heyətlərinin geniştərkibli görüşü keçirilib.

BAKI, 20 aprel-Sputnik. Bu gün Azərbaycanın Astara şəhərində Azərbaycan və İran nümayəndə heyətlərinin geniştərkibli görüşü keçirilib.

Sputnik xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyinin saytında yerləşdirilib.

Məlumata görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri — iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycan və İran tərəfindən aidiyyəti qurumların yüksək səviyyəli nümayəndələri iştirak edib.

Görüşdə Azərbaycan və İran arasındakı iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlərə dair müzakirələr aparılıb.

Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin və keçirdikləri görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyevin fevralın 23-də İrana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul verib. Bu gün təməli qoyulan Astara çayı üzərində dəmir yolu körpüsü də məhz həmin səfərin uğurlu nəticələrindəndir. Ümumilikdə isə, İ.Əliyevin 2014-cü ilin aprelində İrana səfərindən sonra ölkələrimiz arasında 60-a yaxın qarşılıqlı səfər həyata keçirilib, 30-dan çox sənəd imzalanıb, Dövlət Komissiyasının iki iclası və bir sıra görüşlər təşkil olunub. Dövlət başçılarının son 2 ildə 6, son 2 ayda isə 2 görüşü keçirilb.

Qeyd edilib ki, Azərbaycan və İran arasında möhkəm müqavilə-hüquq bazası yaradılmış, iqtisadi sahədə 40-dan çox olmaqla indiyədək 120 sənəd imzalanmışdır. İran Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 53% artmışdır. Hazırda Azərbaycanda 439 İran şirkəti fəaliyyət göstərir. Azərbaycan və İran arasında Dövlətlərarası Komissiya, müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüş və sərgilər təşkil olunur.

Astara çayı üzərində körpü - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan və İran arasında dəmir yolu körpüsünün təməli qoyulub
Hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, bankçılıq, əczaçılıq, nəqliyyat və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür. Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan-İran əlaqələrinin vacib istiqamətlərindən olan nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi əlaqələrimizin genişlənməsinə öz töhfəsini verəcək. Dəhlizin önəmli həlqələridən olan və bu gün təməli qoyulmuş Astara çayı üzərində dəmir yolu körpüsü Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi, iqtisadi, ticarət və yükdaşımalar sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olacaq. 2016-cı ilin sonunadək Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşması nəzərdə tutulur.

Ölkələrimiz arasında energetika, neft-qaz, bankçılıq və s. sahələrdə əməkdaşlıq barədə məlumat verən nazir Şahin Mustafayev iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, nəqliyyat, kənd təsərrüfatı, sənaye, əczaçılıq, səhiyyə, turizm, ikitərəfli və tranzit yükdaşımalarının artırılması, İranın Şərq-Qərb dəhlizinə qoşulması, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yoluna birləşdirilməsi, Azərbaycanın sənaye parklarında İran investorlarının iştirakı, aqroparklarda əməkdaşlıq, ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, İran şirkətlərinin Aktau Logistika Mərkəzindən istifadəsi və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Ş.Mustafayev qeyd edib ki, sabah Sumqayıt Kimya Sənaye Parkı, Azərbaycan İnvestisiya Şirkəti, "Azərsun Holdinq", İranın "Iran Khodro" və "Darou Pakhsh" şirkətləri arasında avtomobil və dərman istehsalı sahəsində müştərək layihələrin icrası ilə bağlı 4 memorandum imzalanacaq.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkələrimiz arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafına təkan verdiyini xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, qısa müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün bir sıra işlər görülmüşdür və Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımalar, turizm və ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək.

Azərbaycan və İran nümayəndə heyətlərinin geniştərkibli görüşündən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Xəbər lenti
0