BAKI, 20 apr — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO ölkələrinin XİN başçılarının may ayında keçiriləcək iclasında Gürcüstanın zəruri Fəaliyyət Proqramı olmadan ittifaqa qoşulması məsələsini qaldıracaq. Sputnik Report-a istinadən xəbər verir ki, bu barədə Çavuşoğlu Strasburqda gürcüstanlı jurnalistlərə müsahibəsində deyib.
"Hesab edirəm ki, Gürcüstan NATO-ya üzvlük üçün Fəaliyyət Proqramı olmadan da alyansa daxil ola bilər. Texniki cəhətdən bu, olduqca mümkün görünür. Biz Gürcüstanın NATO-ya daxil olmasını tam dəstəkləyirik və mən bu məsələni may ayında keçiriləcək nazirlərin görüşündə qaldıracam", — deyə Türkiyə XİN başçısı bildirib.
O, əlavə edib ki, Türkiyə Gürcüstanın NATO üzvü olmağa layiq olduğunu düşünür: "Çünki Gürcüstan bütün zəruri tələblərə cavab verir".
Eyni zamanda Mövlüd Çavuşoğlu Türkiyənin bu mövzuda, təbii ki, heç bir zəmanət verə bilməyəcəyini açıqlayıb.